Sərlövhə

Adi şeir



Mənlə xoşbəxt idinmi, heç özüm də bilmirəm
Nə baxırsan özümə? Görmürsən ki dinmirəm?
Bu evin dörd divarı xatirələrlə dolu
Xatirələr nədir ki? Onlarla isinmirəm.

Məni necə unudun? Bunu necə bacardın?
Vəfalı bir it kimi qabağına qaçardım.
Bəlkə də buna görə məni sən heç sevmədin

Bütün sevənlər kimi mən də belə naçardım.
Yazılmayan şeirlər deyilməyən sözlər tək
Amansız baxışların qəlbimə od səpərək
İndi niyə dönmüsən? Kim səni məcbur edib?
Sənə əlvida dedim yanından dəbərərək 

16.07.2021 1:18

Gələcək övladıma məktub...

Bir dənəm, əgər sən indi bu yazını oxuyursansa, deməli mən həyatımın ən çətin mərhələlərindən birini adlaşmışam. Ola bilsin ki indi səninlə deyiləm. Amma bu heçnəyi dəyişmir. Bəzən insanlar cismən bizlə olmaya da bilər, amma onların fikirləri, hissləri həmişə bizlə olur. Zaman keçdikcə başa düşəcəksən ki, “belə çətin olmamışdı” dediyin hər şey bəlkə də, ən asanlarından biri imiş. Sadəcə sən o an bunu anlamamısan. Mənim də anlamadığım çox şeylər vardı və deyərdim ki bəzilərini hələ də anlamamışam. Bir şeyi dəqiq bilirəm, əgər sən varsansa, demək ki həyatımın ən çətin qərarını almışam. Sən mütləq ki sevgidən dünyaya gəlmisən. Özüm sevgisizlik övladı olaraq bunun nə olduğunu həmişə yaxşı bilmişəm və ona görə də özümə söz vermişdim ki, mənim övladım ancaq və ancaq sevgidən dünyaya gələcək. Sevgi ilə görülən hər şey gözəldir. Çünki sevgi ümiddi, sevgi inamdı, sevgi güvəndir. Heç bir hiss sevgini əvəz edə bilməz. Sevgi bir enerjidir, hansı ki bir formadan başqa bir formaya keçid edə bilir. Sən sevginin özüsən. Mən istəyirəm ki sən öz övladlarına, onlar da öz növbəsində öz övladlarına bu sevgini ötürsün ki sevgisiz yaşamasın dünya. Mənəviyyatdan maddiyyata keçən münasibətlərdə hər şeyin pula bağlanması sevgiyə olan münasibəti dəyişdi. Sən çox fərqli fikirli və həyata, insanlara fərqli münasibət göstərən şəxslərlə qarşılacaqsan. Amma qorxma, onlar səni aldada da bilər, sənə xəyanət də edə bilər, səni ən gözləmədiyin an məyus da edə bilər. Bu heçnəyi dəyişməməlidir. Sən inanmağa, ümid etməyə, güvənməyə davam etməlisən və ən vacibi sən sevməlisən. Sən insanları, ətrafını, bütün dünyanı sevməlisən. İmkan verməki başqaları səni özlərinə bənzətməyə çalışsınlar. Özün kimi qal. Çünki hər zaman səni sən olduğuna görə sevəcəklər. Səni sevirəm.

Çobanlardan varlılara qalan miras - Qolf.


Bahalı idman növü sayılan qolf, əslində Şotlandiyada çobanlar tərəfindən yaradıldığı güman edilir. Çobanlar daşları çomaqlarıyla dovşan yuvalarına salırdılar. 1457-ci ildə Şotlandiya kralı 2-ci Yakovun sərəncamında qolf haqqında ilk qeydlər göstərilib. Təxmini tarixi  17-ci əsrdə başlayan bu idman növünün hal-hazırdakı forması, 19-cu əsrdə rəsmiləşdirilib. İndiyə kimi bu oynun dəqiq tarixini müəyyən edilməyib. Bəzi tarixçilər oyunu qədim Roma imperiyası ərazisində oynanılan paganika oyunu ilə, bəziləri isə qədim Çin oyunu olan çuyvan ilə əlaqələndirirlər. İstənilən halda oyunun vətəni Şotlandiya hesab olunur və oyun meydançası kimi Musselburq Link 2 mart 1672-ci ildə rəsmi olaraq sənədləşdirilmişdir.
Qolf məntiq oyunu adlandırılır. Buna səbəbsə, bədəndən savayı oyunda əsas hissəni öz üzərinə beyin gücünün götürməsidir. Şahmatda gedişlərin öncədən düşünüldüyü kimi bu oyunda da oyuncu beynində xüsusi hesablamar nəticəsində qolf çubuğu ilə qolf topuna vuraraq, onu dəliklərə salmağa çalışır. Hər iştirakçı adətən 18 dəlik keçməlidir. Oyun sahəsi üç əsas hissədən ibarət olur. Başlanğıc sahə “ti”, ikinci sahə fervey, üzərində otları çox qısa kəsilmiş, ortasında dəliyi olan sonuncu sahə isə qrin adlanır. Oyun topu, diametri 4,27 sm-dən çox olmayan, ağırlığı 41-46 qram, üzərində 300-500 arası çökəkliklərə malikdir. Oyun topu yalnız bir formada olduğu halda, oyun çubuqları fərqlənir. Uzaq məsafəyə vurmaq üçün vud adlanan çubuğundan istifadə edilir. İlk dəfə zərbə endirərkən topun altına “ti” adlanan top altlığı qoymağa icazə verilir. Növbəti zərbələr ayron adlanan çubuqla vurulur. Qeyri-standart vəziyyətlərdə və qısa məsafədən zərbə üçün vec adlanan çubuqdan istifadə edilir. Qrin sahəsində vurulan sonuncu zərbələr patter ilə həyata keçirlir.
Topun dəliyə düşməsində verilən xal hesabı – par adlanır. Xallar iki cür hesablanır. Birinci halda xallar oyun ərzində iştiraçının ümumən vurduğu zərbələrə görə verilir. Qalib isə ən az zərbə endirmiş adam sayılır. İkinci halda isə topun dəliklərə salınmağına görə hesablanır. Dəliklərə ən çox top salmış iştirakçı qalib elən edilir. Bərabər sayda dəliyə top salan iştirakçılar oyunu heç-heçə bitirirlər.
Qolfun əsas tərkib hissəsindən biri də kübar davranış etiketidir. Buna görə də avropalılar onu öz aralarında varlıların oyunu adlandırırlar. Qolf meydançasında oyunçuları hər hansı zədələnmələrdən qorumaq, eləcə də onların rahatlığını təmin etmək üçün təsis edilmiş xüsusi qaydalar məcmusudur. Oyunçular bu qaydalara mütləq riayət etməlidirlər. Ən vacib qaydalardan biri də özünü aparmağı bacarmaq, rəqibə qarşı hörmətlə davranmaq, oyun meydançasını səliqədə saxlamaq, təhlükəsizlik qaydalarına əməl etmək və hər şeydən öncə topun lazımı məsafədən yayındığı halda səsli bildirişin verilməsidir.


2009-cu ildə Beynəlxalq Olimpiya Komitəsinin 121-ci iclasında qolfu idman növü olaraq 2016-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Olimpiya oyunları proqramına daxil edilib. Qolf üzrə ilk Olimpiya oyunları qalibləri britaniyalı Castin Rouz və koreyalı Pak İn Bi oldu.
Ölkəmizdə də bu oyun böyük marağa sahibdir. Bu səbəbdən də 2012-ci ildə Azərbaycan Qolf Federasiyası təsis edilib.
Qolf – şotland çobanlarının boş vaxtlarını əyləncəli keçirmək üçün yaratdıqları gündən bu yana maraqlı yol keçərək, dünyanın ən elitar və bahalı idman növünə çevrilməyi bacarıb. İti ağıl, səbr, dəqiqlik tələb edən oyun, neçə əsrdir mövcudluğunu qoruyub, saxlayır. Hər bir yaşda oynanılması mümkün olan bu idman növü, həm əsəbləri sakitləşdirmək, həm də bədəni normal formada saxlamağa yardım edir. Bu idman növü iştirakçıya psixoloji olaraq prestij və özünəgüvən hissi yaşadır, eləcə də dost qazanmağa köməklik göstərir. Hətta zarafatla deyilir ki bu oyunu şotland çobanları yaratmasaydılar, dəqiq ki gec-tez psixoloqlar yaradacaqdılar.


Məni də seç - selektiv abortlar.

USM - ultrasəs müayinəsi çıxandan bu yana onsuz da cəmiyyətimizdə istənilməyən qız övladlarının elə ana bətnində selektiv, yəni seçilmə yolu ilə abor, xaric edilməsi qətliyamı başladı. USM-dən öncə doğulan və istənilməyən qız övladlarını hətta diri-diri basdıranlar da olub. Əlqərəz, cəmiyyət heç də biz istədiyimiz kimi inkişaf etmir, əksinə geri qalır. Keçən həftə bir paylaşımda gördüm ki bir qadın həkimə müraciət edərək, bətnindəki əkizlərdən birini abort etdirmək istəyini bildirib. Səbəbsə, əkizlərdən biri qızdır və bu qadının artıq qız övladı var deyə, bu bətnindəki ona lazım deyilmiş. Həkim isə yazışmadan məlum olur ki, buna razılıq vermir. Halbuki tibbi cəhətdən bətindəki döllərin hər hansı birini digərindən asılı olmayaraq, xaric etmək mümkündü. Görünür həkim bu cür "cinayətə" barmaq qoymaq istəməyib. Heç də hər kəs pul üçün Hippokrat andından keçib, vicdanını satmır. Buna da şükür. Nəsə, uzun sözün qısası. Qadından asılı olmadığı halda, kişinin "x" və "y" xromosomu nəticəsində dünyaya gələn övlad qız olduğu üçün istənilmir. Əvvəllər günahı sırf qadında görürdülər ki oğlan doğa bilmir. İndi bəziləri məlumatlanıb və bilir ki qadında yalnız "x" xromosu olur, cinsiyyət kişidən asılıdır. Amma bu da heçnəyi dəyişmir. Bir məsələ də var ki heç də həmişə günah kişilərdə olmur. Bəzən heç kişinin xəbəri olmadan qadın özü qız övladından bu yolla imtina edir. Nəymiş, kişinin qızı oğlan istəyir. Gülüncdür. Yadımdan çıxmaz, mən uşaq olanda məhəllədə hamının oğlu vardı, bircə atamdan savayı. Atamla "güya" zarafatlaşırdılar ki, keç dur qıraqda sənin oğlun yoxdu. Biz oğul atalarıyıq. İllər keçdi, aylar ötdü, həmin ataların övladlarının çoxu narkotik düşkünü, qumarbaz, yaxud avaraya çevrildilər. İndi özləri utandıqlarından adam üzünə çıxmırlar. Yəqin ki atamda çox kişilər kimi oğul atası olmayıb istəyib. Amma mən indiyə kimi "Kaş sənin yerinə oğlum olaydı" cümləsini ona dedirtməmişəm. Qız övladına pul mənbəyi kimi baxanından tutmuş, həddi-buluq yaşına çatan kimi təhsildən ayırıb, tez-bazar ərə verən valiyenlərimi deyim, ya dəfələrlə abort edib, sonra oğul doğuzduranlarınımı? Əsr olub 21, il olub 2019, biizim vəziyyətimizə baxın. Hara gedirik biz belə? Bayaq "cinayət" sözünü işlətdim. Səbəbsə, döl 3 aylığından başlayaraq artıq əl-ayaq və ruh sahibinə çevrilir. Uzun sözün qısası, bətində artıq bir adam var və sən onu abort etdirirsənsə, deməli cinayət işlədirsən. Qanunvericikdə bunun üçün xüsusi maddə yoxdur. Sadəcə 3 ayını keçmiş halda çox zaman abort etmirlər, çünki qadının yenidən ana olmaması riski çox yüksək olur. Bunu da gözə alıb, dəfələrlə abort etdirənlər var. Neçə il bundan öncə heç yadımdan çıxmaz bir kişi oğlan üçün qadınını dəfələrlə doğuzdurmuş, 7 ya 8 qızdan sonra bir oğlu doğulmuş. Bu oğul da qadasın aldığım, 18 yaşına çatıb, valideynlərinə bildirmişdi ki "Bəs mən cinsiyyətimi dəyişdirirəm, həyatımboyu qadın olmaq arzusuyla yaşamışam". Kişi bu söhbətdən sonra dünyasını dəyişdirmişdi. Mən bu məsələləri yazmaqla heç kimi qız övladı dünyaya gətirməyə təşviq etmirəm. Seçim həmişə sizindir, çünki bu həyatı siz yaşayırsız. İstəyərdim ki ultrasəs müayinəsi zamanı cinsiyyətin bildirilməsi qadağan olunsun. Ancaq digər tərəfdən də düşünürəm ki bu qadağa həyata keçsə, qız övladı istəməyənlər canını qurtarmaq üçün başqa yollara əl atacaqlar. Onsuz da doğum evində qız övladından doğuşdan sonra o qədər imtina edənlər var. İş daha kəskin tərəflər ala bilər. Bunun üçün dövlət qurumları və cəmiyyət əl-ələ verib, çox şeyi dəyişdirməlidir. Lakin zaman da bu işdə yardımçı olur. Cəmiyyət nə qədər böhrana düşürsə, o böhrandan çıxmaq yollarını axtarır. Böhranın bir müsbət tərəfi var, o cəmiyəti istəməsə belə məcburən inkişaf etdirir, ya da məhv edir. Məncə, bu mənim şəxsi fikrimdi biz artıq böhrandayıq və yaxın bir neçə il ərzində bu böhran davam edərsə, çox şeylər dəyişəcək. Sözsüz ki qız övladına, təkcə qız övladına yox, cəmiyyətdə baş verən özbaşnalıq, biganəlik, rüsvayçılıqlar da həllini tapacaq. Əks halda məhv gözləyir. Bioloji və sosioloji olaraq qadın seçən tərəf olduğu halda, bizim cəmiyyətdə qadını seçirlər. Yumurtalığın özünün spermanı seçdiyi, qadının öz övladları üçün ata seçməsindən tutmuş, haralara kimi qadın seçdiyi halda, bizim cəmiyyətdə qadını seçmirlər. Cinsiyyət arasında fərq qoymaq qədər acizanə heçnə yoxdur. Kimin gələcəkdə necə bir şəxsiyyət olacağını zaman göstərə bilər. Valideynlər yalnız övlad böyütmək kimi məsuliyyətə sahibdirlər, şəxsiyyət yetişdirdiklərini zaman göstərir. Üstünlük və ya əksiklik yoxdur. Əgər insanlar həyatlarını ədalət prinsipiylə yaşasalar fərd özü formalaşacaq. Seçim övlad olmamaldır. Övlad bizdən onu dünyaya gətirməyimizi xahiş etmir. Biz onu əsasən öz istəyimizlə dünyaya gətirib, sonra boynuna da minnət qoyuruq ki sən indi bizim mənsubumuzsan, bizim mülkiyyətimizsən deyə sənlə nə istəsək edə bilərik. Çünki bizimdə valideynlərimiz bizə belə davanıb. Bütün bu gic-gicə stereotipləri aşmağın zamanı gəlmiş və hətta keçmiş də. Bir cəmiyyətin ki atalar sözü "Qız yükü, duz yükü"dürsə, mən bundan savayı nə deyim?! Keçən dəfə bir məclisdə tanışım söhbət əsnasında dedi ki "Bu ölkədə qadın olmaq çətindir". Bir kişi cinsinin nümayəndəsi bunu dərk edirsə, bunu hər kəs dərk etməli və anlamıdır  ki cinsi ayrıseçkilik edəndə sonu məhvə aparır. Məncə, yeni atalar sözlərinin zamanıdır, məsələn qızım-qızılım kimi :) 

"Mən istəyirəm ki ehtiyacı olan uşaqların anası kimi olum"-Bənövşə Mahmudqızı


      Bugün ki müsahibimiz şairə, “Mahmudqızı” brendinin müəllifi Bənövşə xanım Mahmudqızıdır. Bənövşə xanım, zəhmət olmasa özünüzü oxuyucularımıza təqdim edin.
-        Mən Bənövşə Mahmudqızı, psixo-pedaqoq, həm uşaq psixoloqu, həm də uşaq pedoqoqu mütəxəssisi sayılsam da, özümü mütəxəssis adlandırmıram. Ancaq ixtisasım bu yöndərir və şairə, söylədiyiniz kimi “Mahmudqızı” brendinin ideya müəllifi və rəhbəri, 1994-cü ildə payız aylarından biri sayılan Noyabrda dünyaya gəlmişəm. 102 saylı tam orta məktəbi bitirmişəm. Uşaq vaxtından incəsənətə marağım olub, incəsənətin bir çox sahələrinə bacarığım var, bu bacarıqlara aktrisalıq, qiraət, şeir yazmaq, rəqs etmək, əməklə bağlı tikişlərim, eləcə də rəsm qabiliyyətim də var. Bunların arasında itib, getməyən ən çox şeir və ədəbiyyatla bağlıdır. Nəzm və ya nəsr, aralarında heç bir fərq qoymuram. Nəsrə yeni başlasam da, nəzmə lap şaq vaxtından başlamışam. Onu da qeyd edə bilərəm ki digər sahələri inkişaf etdirə bilməsəm də, səbəb isə ailəmin buna imkan verməməsiydi, onu da bildirim ki ailədə beş nəfərik, atam anam və məndən başqa iki bacım var və bacıların böyüyüyəm, bacılarım da incəsənət sahəsində bacarıqlıdırlar, onlar məndən fərqli olaraq yollarını davam etdirmirlər. Mən bəli indi sadaladıqlarımın hamısını bacarsam da, artıq uzun müddət məşğul olmadığımdan artıq unudulmağa başlayıb. Məsələn, tikiş tikməyi çoxdan artıq unutmağa başlasam da, uşaq vaxtı, 4, 5-ci sinifdə oxuyanda əl işlərim məktəb üzrə sərgilərə qoyulurdu. Bundan savayı yaxşı rəsm çəkmək qabiliyyətim olsa da, bu aralar zəifləyib. Çünki çoxdandır artıq müəyən bir zaman çərçivəsində tərgitmişəm.
Şeir mənim üçün elə bir şeydir ki, nə zaman “gəlsə” yazıram deyə, zaman onu özü-özlüyündə inkişaf etdirdi. Həmçinin bu arada sadaladığım qabiliyyətlərdən biri olan rəqsi çox sevirəm. Mənim üçün rəqs təkcə əyləncə yox, başqa bir dünyadır.
-        Siz şeir dediz. İlk şeirinizi nə vaxt yazmısız?
-        İlk şeirimi yazmamışam, çünki yazacaq yaşda deyildim. 4-5 yaşlarında öz-özümə qoşma, bayatı tipli şeirlər qoşardım. İlk şeirim nənəmə aid olub. Mən bunu xatırlamıram, düzünü desəm. Bibibim mənə bu haqda danışır. Sonra məktəbə gedib, əlimə qələm almağa başlayandan sonra yazmağa başladım. Yazdığım şeirlərdən ilk çap olunanı məktəb qazeti olan “Şəkər villasında” çap olunub. Amma bu yerdə də yaddaşım məni yanıldır. Xatırlamıram hansı şeirim idi, adı nə idi, ancaq dəqiq bildiyim odur ki o qəzetdə çap olunub. (müsahibim gülür)
-        Sizin ailəniz bu şeiriyyata, nəzmə, nəsrə marağınızı dəstəkləyirlər? Sualı daha dəqiqləşdirsəm, yəni ailəniz sizə təzyiqmi edir, ya əksinə kömək edirlər?
-        Ailəm, çox qayğıkeş, diqqətçil ailədir. Mənim təhsilimə, savadlanmağıma, önəm verib, diqqət yetiriblər. Lakin atam mənim və bacılarımın incəsənətdə olmağını istəməyib. Təhsildə və digər məsələlərdə də məni dəstəkləsə də, sənət məsələsində qətiyyən dəstəkləməyib. Mənim incəsənətin digər qollarında yadırğamağımda rolu olub. Çünki uşaq vaxtı rəsm çəkəndə, gəlib albomumu əlimdən alırdı ki “ged, dərslərini oxu”, tikiş tikəndə “sağanaq” adlandırılan alət var, bu alət naxışların vurulmasında və parçanın səmtinin saxlanmasında yardım edən aləti əlimdən alırdı. İcazə vermirdi məşğul olmağa. Yəni, məşğul olmadıqca, bacardığım şeylərdə yadırğamağa başladım.
Bayaq vurğuladığım kimi rəsm çəkmək bacarığım olduğundan, “Mahmudqızı” brendinin yaranması bu istedadıma qayıtmağa və onu inkişaf etdirməyə təkan oldu. Çünki o brendin əsas məğzi rəssamlıq üzərində qurulub.
Şeiriyyata gəlincə, sözün düzü, on yeddi yaşıma qədər atam həmişə deyirdi ki, boş boş şeylərdi, nəyinə lazımdır, yazma. Ancaq ziyalı insanların mənim şeirlərimə göstərdikləri diqqəti görüb, atam fəxr etməyə başladı və on yeddi yaşımda, doğum günümə hədiyyə olaraq, atam şeirlərimdən ibarət kitab nəşr etdirdi.
-        Siz bayaq “Mahmudqızı” brendini vurğuladız, siz bildirdiz ki brendin ideya müəllifi və təsisçisiz. Bu brend necə yarandı, ağlınıza necə gəldi ki belə bir brend yaradasınız? Brendin əsas mövzusu nədir, məğzi nədir. Bu haqda danışardınız.
-        Brendin əsas mövzusu kreativlik, şablonluqdan uzaq, yaradıcılıq və əl işləridir. Kişi, qadın, uşaq - bunlar heç biri fərq etmir. Bütün yaş və cins kateqoriyaları nəzərə alınır. Çantalar üzərində rəsm boyaları ilə çəkilmiş hər bir insanın zövqünə uyğun ola biləcək rəsm əsərləri təsviri işimizin əsasıdır.
Mahmudqızı brendinin əsas yaranma səbəbi dünyada ən çox sevdiyim şəxs olan atam həyatımda önəmli yer tutduğundan brendə onun adını vermişəm. Atam sadə bir bərbər olsa da, övladlarına göstərdiyi diqqət, qayğı və verdiyi sevgi, hətta deyərdim bəzi mənəm-mənəm deyən atalardan mənim üçün daha üstün olması onun adının brenddə əbədiləşdirilməsini istədim. Bu səbəbdən də belə bir brend yaratmağı düşündüm və o brend də elə bilə, sıradan bir  brend olmasın. Bütün diqqət və maraqları üzərində toplaya bilsin. Onu da deyim ki brendi yaratdığım qısa zaman ərzində buna nail ola bildim. Belə bir brendi ayaqda tutmaq və davam etdirmək üçün mütləq ki bir kapital lazımdır. Hələ ki belə bir kapitalım yoxdur, ancaq çalışıram ki belə bir imkanı özüm üçün yaradım. Brendimi inkişaf etdirməyi və işlərimi öz axarına qoymağa çalışıram və məncə, bu məndə alınır.
-        Sizin yazdığınız nəsr və nəzm əsərlər sizin təxəyyülünüzün məhsuludur, yoxsa sizin və ya ətrafınızda olan insanların başına gələn hadisələrdir?
-        Mən uşaqlıqdan təxəyyülü geniş uşaq olsam da, yazdıqlarım nəzm və nəsr, fərqi yoxdur, hər zaman real hadisələrə əsaslanıb. İstər öz başıma gələn olsun, istər müşahidə etdiklərim olsun, onu da deyim ki mən çox güclü müşahidəçilik qabiliyyətinə malikəm və onu da deməliyəm ki elə müşahidələrəm olub ki onu öz üzərimdə baş verirmiş adam kimi hiss etmişəm və buna görə həmin mövzuya dair hər hansı bir əsəri ortaya çıxarda bilmişəm.
-        Sizə bir sual da verim. Deyirlər insanların məqsədləri ilə imkanları üst-üstə düşməlidir. Bəs sizin məqsədləriniz ilə imkanlarınız üst-üstə düşürmü? Əgər üst-üstə düşmürsə, düşməsi üçün siz nələr edirsiniz?
-        Məqsədlərim və imkanlarım üst-üstə düşür. O baxımdan deyirəm ki mənəvi və potensial baxımdan uzlaşır. Sadəcə olaraq, bir az maddiyyatda çətinlik çəkirəm. O isə qazanılmayacaq bir şey deyil. Hər şey üçün zaman lazımdır və əlimdən gəldiyi qədər nəyəsə nail olmağa çalışıram.
-        Siz bir çox məşğuliyyətlərinizi sadaladız – rəqs, rəsm, şeiriyyat. Siz mütəmadi olaraq, nəylə məşğul olursunuz və hobbinizin əsas hissəsini nə təşkil edir? Yəni ki boş vaxtınızda nə etməyi sevirsiniz. O anlaşıldı ki ilham pəriniz gəlir, siz şeir yazırsınız, amma bundan savayı siz boş vaxtınızda nə edirsiniz və bu sizə xüsusi bir zövq verir?
-        Mənim həm hobbim, həm zövq verən məşğuliyyətim, hətta deyərdim hobbidən artıq olan bir şey gəzintidir. Uzun yolları ayaqla qətt etmək və əsasən belə gəzintiləri gün batdıqdan sonra, gün çıxana kimi həyata keçirməyi sevirəm. Çox sevirəm gəzintiləri. Gəzintini tək olanda da, yaxud yanımda kimsə olduğu halda belə həyata keçirmək mənə xüsusi zövq verir. Belə gəzintələr mənə az şey qazandırmır. Yəni, dostum da olsa, tanışım da olsa, hətta yad adam da olsa yanımda yol yoldaşı olursan deyə, onu tanımaq imkanın çox olur.
-        Bildiyim qədəriylə yaxın zamanda öz əsərlərinizdən ibarət kitab nəşr etdirməyi düşünürsünüz. Bu haqda məlumatlandırardınız bizi.
-        Yaxın zamanda, Allah izniylə kitab nəşr etdirmək fikrim var. Bu sayca mənim ikinci kitabım olacaq. Birinci kitabım “Bənövşə sevgisi” adlanır. Qarışıq mövzulu şeirlər toplusundan ibarət idi. Yeni nəşr etdirəcəyəm kitab da qarışıq nəsr  və nəzm əsərləri olacaq, ancaq əvvəlki kitabdan bircə şeylə fərqlənəcək ki bu kitabım nəşrinin xüsusi məqsədi, yönləndirilməsi, həsr edilmə istiqaməti olacaq. Kitabın əsas mövzusu təcavüzə uğramış uşaqlarla bağlı olacaq. Mən sosial şeirlər və hekayələr çox yazıram. Uşaqlar mənim ən həsassan nöqtəmdir. Bu məsələdən irəli gələrək də, kitabın əsas səmtini təcavüzə uğramış bir uşağın dilindən yazdığım uşağın adıyla adlandırmaq istəyirəm. Ona görədə həmin kitabı bütün təcavüzə uğramış uşaqlara həsr etmək istəyirəm.
-        Çox ağır mövzuya toxunursuz. Məncə, cəmiyyət üçün də ağır olacaq bir kitab olacaqdır.
Azərbaycanda nəyi ilk etmək istəyən qadın, yaxud şəxs olmaq istərdin. Nəin ki Azərbaycanda, lap dünyada belə nəyi edən insan kimi tarixə düşmək istərdiniz? Sizcə bu nə ola bilərdi, nə etmək istərdiniz. Ümumən belə bir istəyiniz varmı?
-        Mən indiyə qədər etdiklərimlə, istər yazdıqlarım olsun, istərsə də başqa işlər olsun. Mən onları məşhurlaşmaq, tanınmaq, insanlar tərəfindən barmaqla görsədilmək üçün, ən çox sevilən, yaxud ən çox nifrət edilən adam olmaq üçün etməmişəm. Mənim etdiklərimin səbəbi dünyaya faydalı olmaqdır. Bu istiqamətdə bunun üçün çalışıram. Mən varlı olmaq istəyirəm. Məncə, çox insan varlı olmaq istəyir. Ancaq mənim varlı olmaq istəyimin bir istiqaməti də var ki nəin ki Azərbaycanda, əlim yetəcək hər yerdə qadınlara, uşaqlara, evi-eşiyi olmayan, həqiqətən ehtiyacı olan insanlara yardım edim. Bunların içində mənim üçün ən önəmlisi olan uşaqlar üçün sığınacaq açım və indi elə bir dövrdür ki yaxşılıq belə etmək üçün pulu olması gərəkdir ki müəyyən şeylər mane olmasın, ürəyin istədiyi kimi, qidalanmasında, təhsilində ehtiyac olan hər şeyi verə biləsən. Mən bu fikrimi ən yaxşısı bir cümləylə ifadə edim. Mən istəyirəm ki ehtiyacı olan uşaqların anası kimi olum və bu dünyaya mənəvi və fiziki sağlam insanlar qazandırım.
-        Bu qədər səmimi bir söhbət üçün, belə bir müsahibə üçün sizə dərin minnətdarlığımı bildirirəm. Gözəl fikirlərin müəllifisiniz. Sizə gələcək işlərinizdə bol şanslar diləyirəm. Yeni müsahibələrdə görüşənədək.

Ac "xoşbəxtlər"

Son zamanlar statuslarda, müəyyən qruplarda görürəm ki xanımlar və bəylər nikahdan sonra imkansızlıqdan, kirayə qalmaqdan şikayət edirlər. Həqiqətən də belə insanları anlamıram. Tutaq ki siz nikaha girmək istəyirsiz. Bu adi haldı. Nikah qeydiyyatı orqanlarına müraciət edirsiz. Bir ay içində əgər hər hansı əsaslı səbəb yoxdursa, sizin nikahınız qeydə alınır. Uzağı balaca, yığcam yığıncaq edərək, başlayırsız birgə həyata. Amma əgər sizin başınız üzərində yaşayacağınız damınız yoxdursa, ömür boyu kirayə qalaraq, həyat keçirəcəksizsə, hansı ağılla evlənirsiz? Borca-xərcə girib, toyuna az qala min nəfər çağırıb, üstəgəl də kreditə götürdüyü pulun hesabına, zinət, geyim, toy ləvazimatı alandan sonra qaytara bilməyənlərdən danışmıram. Onlar diriliyində qiymət vermədikləri, ölümündən sonra yasına dünyanın nemətini sərənlərlə eyni səviyyədədir. Mən heç kimi mühakimə etmək istəmirəm. Sadəcə sizin şikayətləriniz o qədər iri miqyas alıb ki, artıq gözlərdən də yayınmır. Ard-arda baş verən devalivasiyalardan sonra hal-hazırda hamıya məlumdur ki iqtisadiyyat və sosial vəziyyət böhrandadır və bu böhran nə qədər sürəcəyini heç kəs bilmir. Bu cür çətin vəziyyətdə, işsizliyin pik nöqtəsini yaşadığı zamanda necə gəldi ailə qurmaq, ailə qurmaq bir qırağa bu vurhavurda dünyaya övlad gətirmək məndə dəhşət doğurur. Əsr olub 21, il olub 2017 insanlar hələ də qoruyucuların nə üçün olması və onlardan düzgün istifadəni bilmir. Evlənən kimi 9 ay sonra valideyn və qohum-əqrəbanın təkidi ilə dünyaya yarı ac, yarı tox qarınla övlad gətirmək, illər sonra o övlad üsyan qaldıranda isə "Səni əzab əziyyətlə dünyaya gətirib, böyütmüşəm" deyib, başlarına vuraraq, minnət etmək hansı düşüncəyə sığır? Məgər övladlarımız onları dünyaya gətirməyimiz üçün bizə yalvarır, yaxud bəlkə xahiş edir? Özümüz övladı məhz özümüz üçün dünyaya gətiririk, sonra da özümü eqoistcəsinə borcu verilməyən insan kimi aparırıq. Valideyn kimi də əsaslı və ya əsassız səhv olduğumuz halda onları səhv çıxarmağa çalışırıq.
Nikaha sırf "bicbala" övlad olmasın deyə daxil olanlar çoxdur. Amma bir çox insanlar nəsil artırmaq istəmirlər. Hətta bəziləri uşaq evindən uşaq götürməyə razı olduqları halda, öz övladlarını dünyaya gətirməyə razı deyillər. Yaxud bunun əksinə, nikaha girmədən dünyaya övlad gətirərək, nəsil artırırlar. Mən kimisə nikahdan kənar övlad dünyaya gətirmək üçün təşviq etmirəm. Bu hər kəsin şəxsi seçimidir. Ancaq əgər siz nikah kimi məsuliyyətli bir məsələyə girişmisizsə, o zaman canınız çıxsın öz valideynlərinizə övlad istəmədiyinizi bildirməyə cəsarət tapın. Öz ayaqları üstündə dura bilməyən, indiyə kimi 5 manat pul qazanmadığı halda, evlənmək sevdasına düşən hər iki cinsin nümayəndələri biraz keçmir ki boşanır. Nikahı oyuncaq bilib, sonradan böyük problemlərlə üzləşdikdə çox az insan bu problemləri dəf edə bilir.
Dünyaya gələn uşağın doğum evindən tutmuş, ta ki məktəbinə və bütün həyatı boyu ona xərclənən məsrəflərin nə qədər pul tutduğunu dərk etmək çox vacibdir. Yaxşı, mən bu uşağı dünyaya gətirdim, sonra necə dolanacağam? Ən dəhşətlilərindən biri də hər il dünyaya  övlad gətirib, sonra da sosial şəbəkələrdə yardım istəyənlərdir. Fikirləri əvvəlki vaxtlara gedərək, "Uşaqdı da, böyüyəcək" deyib, bir ucdan doğmaqla məşğul olmaq inkubatorluq təsəvvürü bağışlayır. Cəmiyyətə yararsız övlad vermək, onun cəmiyyətə, cəmiyyətin isə ona necə təsir edəcəyini anlamaq lazımdır. Təsirin əks təsirə bərabər olduğunu çox heyif ki unuduruq. Çox yazmağı sevmirəm. Amma bir şeyi anladım ki fikirlərimi feysbuk statusunda cəmləyə bilməyəcəyim qədər uzun olacaq. İnsanların çoxu hələ də dərk etməyiblər ki, bir birlərinə borcları yoxdur. Öhdəlik borc deyil. Ödtəlik çiyinlərimizə aldığımız məsuliyyətdir. Biz nə qədər məsuliyyətin nə olduğunu, onu çiyinlərimizə aldığımızdan sonra ağırlığından nə qələt elədimizi anlamayacağıma kimi bədbəxt olacağıq. Çünki biz özümü başqasının yerinə qoyub, onun yerində olacağımız təqdirdə nə edəcəyimizi düşünmək belə istəmirik. Bizə verilən beyni, düzgün istifadəsindən savayı haraya istəsək işlədirik. Hər kəsə bol uğur arzu edirəm. Güclü olun və bir-birinizə dəstək durun. 

İlk baxışdan sevgi, yoxsa beynimizdəki obraz?

Dekabrda kişi və qadın seçimləri haqqında yazanda, sevgi haqqında da yazacağımı bildirmişdim. Sevgi həddindən artıq geniş mövzu olduğundan, uzun-uzadı yazmağın mənasını görmürəm.
İlk baxışdan sevgi haqqında fikrimi bildirmək istəyirəm. İlk baxışdan sevgi varmı? Yoxsa sevgi zamanla formalaşır? Gördüyümüz insan ilk baxışdan xoşumuza gəldiyi zaman göz bəbəklərimizin böyüməsi, ürək döyüntülərimizin sürətlənməsi, bədən temperaturmuzun artması ilk baxışdan sevginin göstəricisidirmi? 
Bu yazını yazmamaışdan öncə axtarış sistemlərində bu mövzuya dair məqalələr oxudum. Mənim özümə də maraqlıdır axı bu ilk baxışdan sevgi nə olan şeydi? İndiyə kimi alimlər heç bir ortaq məxrəcə gələ bilməyiblər bu mövzuda. 
İnsanla rastlaşərkən onun bizi cəlb etməsi, xoşumuza gəlməsi anında beynimizdə bir neçə hormon ifraz olunmağa başlayır, sinir sistemimizin fəaliyyətini, qan-damar sisteminin hərəkətini pozmağa qadir olur. Bəlkə də bu səbəbdəndir ki bəziləri sevmək istəmir. Normal həyatın gedişatını pozmağa qadir olan sevgi, həyatımızı alt-üst etmək gücündədir. Məsələn reinkarnasiyaya inanan insanlar elə hesab edirlər ki ilk baxışdan sevgi keçmiş həyatımızda bizimlə sevgili olmuş, həyatını bölüşmüş insanla yenidən bu həyatda qovuşmaqdır. Bəziləri üçün ilk baxışdan sevgi sırf genetik səviyyədə baş verən prosesdir. Yəni, biz insanı görürük, onun bizim gələcək nəsil artımağımızda nə qədər yararlı olub-olmamağını müəyyənləşdiririk. Bəziləri isə elə hesab edirik ki bizimilk baxışdan bəyəndiyimiz, aşiq olduğumuz şəxs bizim valideynlərimizlə hansısa üz cizgi, və ya mimiklarıyla bənzər olduğuna görə beynimiz onu doğma insan kimi qavrayır. Məsələn, bəzən bu özünü qızların atalarına bənzər, oğlanlarınsa analarına bənzər qadınlara üstünlük verməsindən irəli gəlir. Bir variantda var ki biz zamanla beynimizdə formalaşdırdığımız obraza uyğun birisinə rast gəldikdə ona aşiq olduğumuzu düşünürük. Bu valideynlərimizə bənzəməyən də ola bilər. Bizim üçün göz, dodaq formalarının, üz cizgilərinin müəyyən yığılmış kompleks şəklində olması rast gəldiyimiz şəxslə üst-üstdə düşməsinin nəticəsi kimi ortaya çıxır. Kiminsə dolğun dodaqlı, kiminsə mavi gözlü insanlardan xoşu gəldiyində bu cizgilərə rast gəldiyi şəxsi bəyənməsi normaldır. 
Şəxsən mənim üçün ilk baxışdan aşiqlik sonradan sevgiyə keçməyə də bilər. Zaman keçdikcə insanın xüsusiyyətləri, fikirlərinin, həyata baxışlarının bizim xüsusiyyyət, xasiyyət və həyata baxışlarımızla üst-üstə düşməməsi konfliktdə gətirir. Sevgi çox vaxt kor olur. Amma sevginin gözləri açılanda hər şey ortaya çıxır. Sevgi bir il yarımdan üç ilə qədər sürür və bədilik xarakteri daşımır. Sadəcə sevgi enerji olduğundan bir növdən digərinə keçir. Uzun müddət bağlı olduğumuz insandan sevgi keçəndən sonra da ayrılmaq çətin olur. Bağlılıq böyük qüvvə olduğundan bəzən sevgini də aşır. Sevgi bağlılıq da yaradır. Bağlılıq da sevgi yaratmaq gücünə malikdir. Uzun müddət ünsiyyətdə olduğumuz şəxslə zaman keçdikcə sevdiyimizi də anlayırıq. Uşaq vaxtı eşitdiyim hekayətə görə sevgi kor olur dəlilik isə onun əlindən tutur. Səbəbsə hormonların normal psixikamızın pozduğuna görə bu hal baş verir. 
Amma sevmək gözəldir. Bəzən qarşılıqsız sevgi əzab versə də gözəl olur. Lakin hər kəsə qarşılıqlı sevgi arzu edirəm.
Bəs siz ilk baxışdan sevgiyə inanırsız?