Sərlövhə

Əlvidalar dünyası

       Bəlkə də belə bir deyim eşitmisiz “fil yaddaşı”. Bəli, biz fillərin yaxşı yaddaşı olur. Bircə dəfə gördüyümüz insanları, məkanları demək olar ki daim yadımızda saxlaya bilirik. Yəqin ki eşitmisiz, biz yaxşı hesablaya və rəsm də çəkə bilirik. Ola bilər bu istedadlarımıza görə çox vaxt biz sirklərdə camaatı əyləndirmək üçün istifadə edilirik. Təkcə biz fillər yox, elə digər heyvanlar da. İş ancaq sirklərlə yekunlaşmır, biz həm də camaatı zooparklarda nümaiş edilərək də, əyləndirməyə məcbur edilirik. Elə bil bizə xoşdur ki saatlarla adı insan, özü isə heyvan olanlar bizə baxsın. Baxsalar yaxşıdır, bizə tüpürən, əşya atan, güya yedizdirmək üçün yaxınlaşıb, amma təpik-yumruq atanlar o qədər olur ki. İnsan adlanan məxluqlar özlərini bizdən ağıllı hesab edirlər. Düşünürlər ki əgər şüurlu varlıq adlanırlarsa, deməli hər şey edə bilərlər. Bunlar şüurlu, biz isə şüursuzuq, güya. İnsanlar özlərini ali varlıq hesab edirlər. Ali varlıq, necə də gülməli səslənir. Ali varlıq yox, zalım varlıqdır insan. Əlbəttə, mən həyatımda yaxşı insan adlandırılacaq məxluqlara da rast gəlmişəm. Amma sayca çox azdırlar.

Mən gözlərimi samanlıqla bol olan taxta vaqonda açmışam. Səbəb isə anamın nümayişə çıxarıldığı sirk başqa ölkədə qastrol səfərə gedirmiş. Biz fillər yer kürəsinin ən böyük canlılarıyıq və dünyaya gələn bala fil belə insandan daha ağır olur. Bu səbəbdən də biraz böyüdükdən sonra məni tamam başqa bir otağa yerləşdirdilər. Mən hələ bilmirdim ki mənim ağır günlərim hələ qabaqdadır. Anam xəbərdarlıq etmişdir ki, sirkdə fəaliyyətim başlayanda çətinliklər gözləyir. Mən bunu dərk etməmişdim, ta ki sirkdə tamaşalara hazırlıqlar başlayana kimi.

Ayaq üstə dayanmağa başladığımdan bəri məni yeni qoyulacaq sirkdəki tamaşaya daxil edib, məşqlərə öyrəşdirməyə çalışdılar. Bu mənə heç də xoş gəlmirdi. Saatla məşq etmək çox yorucu və maraqsız idi. Bir dəfə bezib, öz aləmimdə üsyan etməyə qərara gəldim, amma bu mənə baha başa oturdu. Ona qədər qamçı deyilən cəza metodunu görməmişdim. Əvvəlcə məni qamçıladılar, bunun işə yaradığını görməyəndə əl-ayağımı bağlayıb, günlərlə ac-susuz saxladılar. Nə qədər boyun əyməmək, (xortum qatlamamaq desək daha düzgün olar, biz onsuz da boynumuzu əyə bilmirik), istəsəm də, uzun müddət qidasız və biz fillər üçün çox vacib olan susuz qaldığımıza görə məcbur razılaşmalı oldum.

Fil də insanlar kimidir. Bir mühitə öyrəşər, bütün həyatı boyu elə bilər ki o mühitdən başqa dünya yoxdur. Ona elə gələr ki, doğulduğu, böyüdüyü bircə həqiqət var, o da yaşadığı mühüt.

Məni şəhərin sirkindəki manejə çıxarıb, tamaşa görsətməyə məcbur edirdilər. Halqalardan tullanmaq, top üstünə çıxmaq və s. Ora gələn insanlar da bundan heyrətlənərək, ah çəkir, alqışlayır, bəzən gülürdü.  Ancaq heç kim bilmir ki bir sirk və zoopark heyvanının azadlıqdan məhrum edilib, insanlara məcburi nümayişi nə qədər acınacaqlı haldır.

Lakin günlərin bir günü məşqçilər istirahət zamanı televizor adlanan bir şeyə baxırdı və mən orada başqa filləri gördüm. Yox onlar bizim kimi tamaşa görsətmirdi, onlar yaşıllıq qoynunda rahat həyat sürürdülər. Mən indiyə kimi belə şeylə rastlaşmamışdım. Ancaq bir dəfə qastrol səfərinə çıxanda, bizi daşıyan qatarın taxta vaqonunun arasından yaşıl meşələr görmüşdüm. O an başa düşdüm ki azadlıq deyilən anlayış da varmış və həyat ancaq tamaşa görsətməkdən ibarət deyilmiş.

Qaçmağı qərara aldım. Məşqçimizin başı qarışıq olmasından istifadə edib, sirki tərk etmək, oradan da televizorda gördüyüm təbiətə qovuşmaq istəyirdim.

Məşqçimiz istirahət zamanı həmişə kimi televizora baxırdı, mənim anamla qaldığım volyerin qapısı açıq idi. Anama planım haqda danışmamışdım, düşündüm ki son anda desəm yaxşı olar. Çünki anamı yola gətirmək çox çətin olacaqdı. O doğulub, böyüdüyü bu aləmi çox sevirdi və bu aləmdən belə asanlıqla ayrılacağına inanmırdım. Fürsətdən istifadə edib, məsələni anama danışdım. Anam hiddətləndi, bildirdi ki, bu alınası şey deyil və bu xülyadan əl çəkim. Mən fikrimdən dönmək niyyətində deyildim. Anama bildirdim ki, ya o mənlə gedəcək, ya da mən tək qaçacağam. Anam çarəsiz qalıb, mənə bir əhvalat danışdı. Anam dedi ki, onun nənəsi bir dəfə sirkda tamaşa vaxtı işinə təzə başlamış nəzarətçinin səriştəsizliyi üzündən zədə alıb. Bundan qəzəblənən nənəsi həmin nəzarətçini və tamaşada olan bir-neçə şəxsi öldürüb. O ana qədər ölümün nə olduğunu belə bilmirdim. Bu hadisəyə görə nənəsini cəzalandırıblar və onu dəmiryol kranından asıblar. Mən bu əhvalatdan dəhşətə gəldim. Özünü ali varlıq adlandıran insan, şüursuz adlandırdığı heyvanı cəzalandırmaq üçün asıb. Amma bu məni qorxuda bilməzdi, mən çox qərarlı idim. Sadəcə anamı təlaşlandırmamaq üçün ona daha qaçış barəsində danışmamağı qərara aldım.

İsti yay günlərindən biri idi. Biz fillər istini çox sevirik. Anamla yemək yeyirdik ki, müdrün səsini eşitdik. O kimləsə var-gəl edir, nəyinsə razılığına gələ bilmirdi. Amma sonra razılaşıb, sakitləşməyə başladı. Birdən mən danışılanlardan anladım ki o məni anamdan ayırıb, zooparka satmağı planlayır. Mən heç vaxt zooparkda olmamışdım. Ancaq televizordan, bir də digər heyvanlardan belə bir yerin olduğunu eşitmişdim. Mənə demişdilər ki zoopark sirkdən elə də fərqlənmir, sadəcə orada tamaşa görsətməyə ehtiyac yoxdur. İnsanlar gəlir, müxtəlif heyvanlara baxır və gedir. İstənilən halda mən zooparka köçmək istəmirdim. Başa düşdüm ki planımı həyata keçirmək zamanıdır.

Məşqçinin istirahət vaxtı volyerin ağzını açıq qoymasından istifadə edib, qaçmağa çalışdım. Biz sirkdə yaşamırdıq. Bizim üçün xüsusi məkan ayrılmışdır. Volyerdən çıxıb, qaçırdım ki məşqçi, nəzarətçilər və digərləri hay-həşir salmağa başladılar. Mən həyəcanlandım və haraya qaçacağımı bilmədim. Bundan istifadə edən məşqçi və nəzarətçilər üzərimə böyük bir tor atdılar. Amma bu məni saxlaya bilməzdi. Mən toru üzərimdən atıb, onların üstünə cummaq istəyirdim ki, birdən hiss etdim ki məni nəsə bərk incitdi. Hər şey gözlərimin önündə bulanmağa başladı. Mən səndələyərək, yerə yıxıldım. Sonrası yadımda deyil. Gözlərimi açanda böyük bir yük maşının arxasında əllərim, ayaqlarım bağlı şəkildə harasa aparılırdım. Mənim olduğum o yük maşının yanında digər bir yük maşını da şütüyürdü. İçində anamı gördüm. Sən demə müdür qəzəblənib, anamı da hansısa başqa bir sirkə satmağı qərara alıb. Anam planımın baş tutmayacağı xəbərdarlığını etdiyini bildirdi. Mən çox üzgün idim. Mən zoopark fili yox, təbiətin azad fili olmaq istəyirdim. Nə qədər oyan-buyan hərəkət etsəm də, mənə vurulan zəncirləri qıra bilmədim. Mənzil başına çatmağa az qalmışdı. Son olaraq, anamla vidalaşmalı idim. Biz xortumlarımızı toxundurduq. Və mən dedim, “Əlvidalar dünyasında sənə, mənə, bizə əlvida”.



Yaşamaq sənəti, ölmək sənəti

          Müharibəyə öz istəyimlə getmişəm. Vətənpərvər və milliyətçi olduğuma görə könülü olaraq ordu sıralarına yazıldım ki müharibə başlayan kimi məni çağırsınlar. Az qala hərbi komissarlığın qapısını yerindən çıxaram və axır ki mənə də çağırış gəldi. Mən də digər könüllülər kimi döyüşə yollandım. Ancaq müharibədə olmuş və o dəhşətləri keçmiş insanlar bilir ki müharibə nədir. Çoxuna görə müharibə kompüter və telefonlarda oynadıqları oyunlar qədər bəsit bir şeydir. Amma yox, müharibə qan və silahdır. Müharibə can verən əsgər və can alan əsgərlər arasında gedən prosessdən başqa, siyasətin şahmat taxtası üzərində fiqurlarını hərəkətə gətirdiyi bir yarışdır.

Döyüşlər başlayan gün mənə çağırış kağızı gəldi. Cəld yır-yığış edib, hərbi komissarlığa yollandım. Getməmişdən qabaq anam və qardaşımla az qala vidalaşmayacaqdım, belə tələsirdim. Anam çoxdan bilirdi ki müharibə olsa, birinci gedənlərdən olacağam və bunu təmkinlə qarşıladı. Qardaşımla telefon vasiyəsiylə sağollaşdım, çünki o başqa evdə yaşayırdı və ora gedib, canlı sağollaşmağa sadəcə vaxtım yox idi. Qardaşım, “Sağ-salamat dönəsən” deyib, sağollaşdıqdan sonra, komissarlığa yola düşdüm. Komissarlıqda adbaad çağırış kağızıyla və hərbi biletlə bir yerdə tibbi yoxlanışa göndərdilər. Yararlı olanları, yəni gözlə görüləcək fiziki və əqli məhdudiyyəti olmayan şəxsləri böyük UAZ-lara yığıb, döyüş hissələrinə aparırdılar.

Mən özüm döyüş briqadasında motoatıcı idim. Fizuli, Cəbrayıl, Xocavənd, hətta Şuşaya qədər gedib, çıxmışdıq, amma əvvəli heyyətli yox. Döyüşə qatılmamışdan öncə hərbi bölüklərə ayrılqdıqdan sonra, gedən qızğın döyüşlərə biz də qoşulduq. Ancaq müharibə mənim düşündüyüm kimi bir şey olmadı. Mən niyəsə döyüşləri tamam başqa cür təsəvvür edirmişəm.

Mən sizə yadımda qalanları sıralama ilə nəql edə bilməyəcəyəm, çünki döyüş zamanı yanımda partlayan mərmidən kantuziya aldığımdan, yaddaşımda problemlər ortaya çıxdı. Yadımdadır ki qayadan aşağıda dostunun meyidi üzərində ağlayan əsgərə görə aşağı enmişdim, əsgər özü də yaralı idi və mən onu kürəyimə atıb, yuxarı qalxırdım ki arxadan məni gülləylə vurdular. Arxamda əsgəri daşıdığıma görə güllələr məni sıyırdı, amma dərk edəndə ki kürəyimdəki əsgər ölüb, ilk dəfə dəhşətə gəldim. Güclə də olsa, qayanı qalxıb, meyidi yerə sərdim və başa düşdüm ki tanrı özü məni qoruyur. Amma ən dəhşətlisi qabaqdaydı.

Cəbrayıllıda meşələrin birində tək qalmışdım. Tək-tənha və məndən 500 metrlikdə erməni əsgərləri. Belə yerdə nə edəcəyimi düşünürdüm, ağlıma ancaq öz-özümə danışmaq, güya ki tək deyiləm fikrini yaratmaq idi və bu məndə alınmışdı. Təbiətən dəlisov olduğuma görə, hər an ağlıma əsdiyini edirdim və buna görə də komandirlarimin məndən zəhləsi gedirdi. Həmin gün də onların icazəsi olmadan meşəyə doğru irəlilədiyimdən döyüş yoldaşlarımın çoxu arxada qalmış, ermənilərin qurduğu pusquya düşmüşdülər. Bakıya dönəndən sonra dərk edirdim ki içimizdə satqınlar var imiş, bu səbəbdən də fərqli bölüklər fərqli zamanlarda pusqulara düşür, bəziləri çıxa bilər, bəziləri isə öldürülürdü. Bunu dərk etmək çox çətindi, çünki sən satqın donu geyindirə bilmirsən və sənə ağır gəlir. Bir neçə gün ac qaldıqdan sonra, təsadüfən oradan keçən bölük tərəfindən xilas edildim. Vəziyyətim ürəkaçan deyildi, sağlam olduğuma görə özümə gəlməyim çox da uzun zaman aparmadı. Amma dəhşət arıqlamışdı. Ətli-canlı oğlandan sür-sümük qalmışdı. Güzgüyə baxanda, özüm özümdən hürkdüm. Məni bu günlər ərzində özümə gətirən həkimlər və aşpazımızı unuda bilmərəm. Həm aşpaz, həm həkimlər deyirdilər ki müharibədə ancaq döyüşçülərin adı çəkilir, biz isə ikinci planda qalırıq. Axı bu ədalətsizlikdi. Yarı zarafat, yarı ciddiyyətlə deyilən bu sözlərdə böyük həqiqət vardı. Döyüş meydanında ancaq silahlar döyüşmür, qəribə səslənsə də cərrahın bıcağı ilə, aşpazın çömçəsi də həll edici rol oynayır. O an bu sənin ağlına gəlmir, düzü heç onun hayında da olmursan. Amma hər şey bitdikdən sonra, bütün bu düşüncələr beyninin bir küncündən çıxaraq, özünü xatırladır və sən səmimi qəlbdən onlara minnətdarlığını heç olmasa ürəyində bildirirsən.

Ordumuz hər gün daha çox irəliləyir, biz də onun tərkibində Şuşaya doğru gedirdik. Xəyal kimi görünürdü Şuşa. Ancaq fotolarda gördüyüm Şuşaya çox az qalmışdı. Şuşa Qarabağın bəbəyi idi və ora işğaldan azad edilsə, demək ki müharibə bitəcəkdi.

Qızğın döyüşlərin getdiyi günlərin birində qəflətən mərmi partlayışından mən kar oldum. Kantuziya nəticəsində bir neçə günlük eşitmə qabiliyyətimi itirmişdim Bərk qorxmuşdum. Mən indiyə qədər belə qorxmamışdım, o an bütün həyatım gözlərimin önündən keçdi. O deyirlər kino lenti kimi gözlərimin qabağından keçir ha, bax o yalandan deyilməyib. Yadıma birinci sinifə getməyim düşdü, necə anam boynuma kəpənək taxır, necə əllərimdə güllərlə məktəbə yollanıram. Sonra elə bil bir anın içində kadr dəyişir və mən yeniyetməyəm, ilk dəfə sevdiyim qızla gizlincə öpüşürəm. Kadrlar çox sürətlə dəyişməyə başlayır, mənim məzun günüm, əsgərlik həyatı, dostlarımla görüşlər, iş, bir sözlə hər şey ağlımdan o an keçdi. Gözlərimi açanda əsgər yoldaşlarımın gözlərində təşviş və qorxu görürdüm, nə dediklərini eşitmişdim. Ancaq dodaqlarının tərpənişindən bəzi sözləri tuta bilirdim. Fürsət bilib, əsgər dostlarım mənlə zarafatlaşırdılar. Komandirim, əccəb oldu sənə deyirdi. Sözümə qulaq asmazsan, belə olar, deyib daha da əsəbləşdirirdi.

Orada bir əsgərlə lap yaxından dostlaşmışdıq. Müharibədən sonra da münasibət saxlamaq fikrindəydim. Şuşa işğaldan azad olunandan sonra biz yavaş-yavaş evimizə dönürdük. Əvvəlcə ailəli şəxsləri, daha sonra digər əsgərləri evi göndərirdilər. Qalmaq istəyən şəxslər könüllü olaraq, ordu sıralarına yazılaraq, bir müddət də döyüş zonasında qalmağı seçmişdilər. Dostuma çevrilən əsgər yoldaşım da həmin şəxslərdən idi. Bir müddət mən ondan heç bir xəbər eşitmədim. Bizi mükafatlandırma mərasiminə çağıranda, onunla orada qarşılaşdıq və nömrələrimizi dəyişdik ki yenidən əlaqə qura bilək. O dedi ki hələ də Qarabağdadı və tezliklə dönüşü gözlənilmir. Ara sıra zəngləşirdik, ancaq axırıncı dəfə ona mesaj çatmayanda, mən zəng eləsəm də telefonu sönülü idi. Sonra saytdan xəbərlər oxudum ki döyüşlərimizdən təxribata uğrayıb şəhid olanlar var və bu müharibədən düz bir il sonra baş verdi. Şəhid olanların adlarının sırasın da onun da adı var idi. Deməli onun sadəcə bir il möhləti var imiş.

Ev ünvanlarını bilirdim və dəfn mərasiminə mütləq getməli idim. Dəfn mərasiminin məni bu qədər sarsıdacağını gözləməzdim. Nəşi tabutda çıxan dostumun anası “Vağzalı” sədaları altında rəqs edir, əlində isə xonçalar vardı. Hə, o subay idi və anası onu müharibədən sonra evləndirmək istəyirdi. Subay qalmış oğlu üçün son mənzilə xonçalı və toy edirmiş kimi yola salmaq arzusunu həyata keçirirdi. Qadın qohumları da şəhid anasına qoşulub, rəqs edir və ağlayırdılar. Dəhşətli mənzərə idi. Ürəyim parçalanaraq, bunları izləmək məcburiyyətində idim. Kəfənə bürünmüş şəhidi son mənzilə yola salmaq üçün qəbrə qoyduqdan sonra, qəflətən anası özünü qəbrin düz içinə atdı və nəşi qucaqladı. Ağlaya-ağlaya “Məni də balamla basdırın, ondan sonra yaşamaq istəmirəm” sözlərini güclə eşidəcək qədər dəhşətli idi. Dostum ailənin tək övlad idi və ana ürəyi bu itkiyə dözə bilmirdi. Qadını güclə olsa da, qəbirdən çıxartdılar və dəfn mərasimi yekunlaşdı.

İndi mən özümlə baş-başa bütün bu hadisələr haqqında düşünəndə bir daha anlayıram ki müharibə heç zaman bitməyəcək. Müharibə heç zaman bitmir də. Bitdiyini düşündüyümüz sadəcə fasilələrdir. Sülh bağlamaqdan danışanlar anlamır ki erməni ilə heç zaman sülh olmayacaq. Mən nə özüm, nə digərləri üçün qorxu içində yaşamaq istəmirəm və əgər yenidən müharibəyə çağırış olsa, mütləq ki gedəcəyəm. Bəlkə mənə də möhlət verilib və döyüşlərin birində o möhətin müddəti bitəcək. İndi isə yarıda qalmış həyatımı davam etdirməyə çalışıram.



Adi şeir



Mənlə xoşbəxt idinmi, heç özüm də bilmirəm
Nə baxırsan özümə? Görmürsən ki dinmirəm?
Bu evin dörd divarı xatirələrlə dolu
Xatirələr nədir ki? Onlarla isinmirəm.

Məni necə unudun? Bunu necə bacardın?
Vəfalı bir it kimi qabağına qaçardım.
Bəlkə də buna görə məni sən heç sevmədin

Bütün sevənlər kimi mən də belə naçardım.
Yazılmayan şeirlər deyilməyən sözlər tək
Amansız baxışların qəlbimə od səpərək
İndi niyə dönmüsən? Kim səni məcbur edib?
Sənə əlvida dedim yanından dəbərərək 

16.07.2021 1:18

Zibillik oyuncağı.

 

Zibilliyə atılmış oyuncaq kimidi kimsəsiz, yoxsul, cəmiyyət tərəfindən təcrid edilmiş insanlar. Çox qəddarcasına səslənir, amma həqiqətə göz yummaq, olmamış kimi davranmaq vicdansızlıqdan başqa bir şey deyil.

Balaca Mələyin atası hər gün metro stansiyalarının birinin yanındakı körpünün altında durub, fəhlə kimi evlərə getməklə pul qazanardı. Camaat içində qul bazarı adlanan bu yerdə səhərdən axşama yayın günəşində, qışın şaxtasında ayaq üstə saatlarla iş tapacağı ümidiylə onlarla insan beləcə günlərini keçirirdi. Anası isə xadimə kimi çalışırdı. Günlərin birində anası müdrün fikrincə kifayət qədər yaxşı yır-yığış etmədiyindən işdən qovulmuşdu. Çarəsiz qalıb, küçələri süpürmək üçün bir neçə ay aidiyyatı qurumlara baş vurandan sonra onu işə götürmüşdülər. Bir ilə yaxın küçələri təmizləyən anası, yük maşını tərəfindən qəza nəticəsində dünyasını dəyişdi. Həmin gündən etibarən balaca Mələklə, qardaşı Vaqifin onsuz da ağır olan günləri daha da ağırlaşdı.

Anasının ölümündən sonra gecədən gecəyə evə gələn atası uşaqları demək olar ki nəzarətdən buraxmışdı. Məktəbə də getməyən uşaqların günü əsasən dörd divar arasında keçər, bəzən küçəyə oynamağa çıxar, bəzənsə zibillikdə eşələnməklə baş qatardılar. Atası Mələyə ad günün üçün yumşaq oyuncaq alacağını söz versə də, ad günündə nə hədiyyə, nə də şirniyyat oldu. Atası hətta qızının doğum gününü də unutmuşdu. Yadına düşəndə qızının könlünü almaq istəyi bir xeyir vermədi. Günlük ərzaq almağa pulu güclə çatan atasının qırağa pul qoyub, övladı üçün hədiyyə almağa gücü çatmırdı.

Qışın soyuq günləri idi. Mələk qardaşıyla küçədə oynadıqdan sonra, qardaşı  çox üşüdüyündən evə dönsə də, Mələk hələ də küçədə oynamağa davam edirdi. Oynamaqdan bezdikdən sonra adəti üzrə evə qayıtmaq istəyirdi ki, cütlüyə gözləri sataşdı. Cütlük möhkəm dalaşırdı. Mələk qıraqda durub, qızğın sözləşməyə tamaşa edirdi. Oğlan hirslənib, gedəndən sonra qız əlindəki yumşaq oyuncağı yaxınlıqdakı zibilliyə atıb, öz-özünə deyinərək həmin yeri tərk elədi. Mələk əvvəlcə yerindən tərpənmədi, amma sonra zibilliyə yaxınlaşıb, zibil qabının içində oyuncağa baxmağa başladı. Götürüb-götürmək arasında qalmışdı. Götürməsə, oyuncağa heyif olacaqdı. Axı bu oyuncaq onun doğum gününə arzuladığı oyuncaq idi. Götürsəydi də, atası oyuncağın haradan olduğunu soruşacaq, biləndə ki zibillikdəndi oyuncağı zibilliyə qaytarmağı məcbur edə bilərdi. Maraq qorxuya qalib gəldi və Mələk oyuncağı zibillikdən götürüb, evlərinə qayıtmaq istəyəndə qarşısına qonşu məhəllədən oğlanlar kəsdi. Oğlanlar 10-15 yaşında idilər. Mələklə məzələnməyə başlayan oğlanlar oyuncağı onun əlindən almağa cəht edəndə, Mələk müqavimət göstərdi. Bu oğlanların xoşuna gəlmədi və onlar zorla oyuncağı qoparmağa çalışanda Mələyi yıxdılar. Oğlanlardan biri yerə yıxılan Mələyə oyuncağı əlindən almaq üçün hətta təpik də vurdu. Oyuncağı Mələkdən qopardandan sonra Mələyin ağzının partladığını görüb, qaçmağa başladılar. Mələk isə ağlaya ağlaya ayağa qalxıb, evə qayıtmalı oldu. Qardaşı nə baş verdiyini ondan soruşsa da, Mələk heç bir cavab vermədi. Qardaşı nə qədər israr etsə də, bu öz nəticəsini göstərmədi. Ağzının qanını yuyub, bir tikə çörək yemək üçün masaya yaxınlaşdı. Dişi zədələndiyindən yemək də yeyə bilməyib, yatmağa qərar verən Mələk ağrılara baxmayaraq, yuxuya getdi. Sabahı gün qardaşı Vaqiflə zibillik tərəfə oynamağa gedəndə, zibilliyin yanında yırtılmış-cırılmış vəziyyətdə həmin o yumşaq oyuncağı gördü. Qaçıb, oyuncağı götürdü. Oyuncağı bağrına basanda, çənəsi ağradı və Mələk özündən asılı olmayaraq, ağlamağa başladı. Vaqif Mələyi sakitləşdirməyə çalışdı, başını sığalladı, onu qucalayıb, öpdü. Oyuncağı evə aparmaq istəyən Mələyi qardaşı dayandırıb, başa salmağa çalışdı ki oyuncağı evə aparsa, atası hirslənəcək. Məcbur qalıb, oyuncağı zibilliyə qaytaran Mələk göz yaşları içində qardaşıyla evə qayıtdı. Qayıdarkən, qardaşı yolda Mələyə söz verdi ki, gec-tez ona istədiyi oyuncağı alacaq. Vaqif heç vaxt yalan danışmazdı və Mələk ağlamağı kəsib, qardaşının əlindən tutaraq, evə döndülər.

Bu həyatda ən dəyərli şeylərdən biri də yaxınlarımızın sevgisidir. Sevildiyini bilən hər kəs, gələcək günlərə ümid dolu gözlərlə, inam dolu fikirlərlə addımlayar.

Gələcək övladıma məktub...

Bir dənəm, əgər sən indi bu yazını oxuyursansa, deməli mən həyatımın ən çətin mərhələlərindən birini adlaşmışam. Ola bilsin ki indi səninlə deyiləm. Amma bu heçnəyi dəyişmir. Bəzən insanlar cismən bizlə olmaya da bilər, amma onların fikirləri, hissləri həmişə bizlə olur. Zaman keçdikcə başa düşəcəksən ki, “belə çətin olmamışdı” dediyin hər şey bəlkə də, ən asanlarından biri imiş. Sadəcə sən o an bunu anlamamısan. Mənim də anlamadığım çox şeylər vardı və deyərdim ki bəzilərini hələ də anlamamışam. Bir şeyi dəqiq bilirəm, əgər sən varsansa, demək ki həyatımın ən çətin qərarını almışam. Sən mütləq ki sevgidən dünyaya gəlmisən. Özüm sevgisizlik övladı olaraq bunun nə olduğunu həmişə yaxşı bilmişəm və ona görə də özümə söz vermişdim ki, mənim övladım ancaq və ancaq sevgidən dünyaya gələcək. Sevgi ilə görülən hər şey gözəldir. Çünki sevgi ümiddi, sevgi inamdı, sevgi güvəndir. Heç bir hiss sevgini əvəz edə bilməz. Sevgi bir enerjidir, hansı ki bir formadan başqa bir formaya keçid edə bilir. Sən sevginin özüsən. Mən istəyirəm ki sən öz övladlarına, onlar da öz növbəsində öz övladlarına bu sevgini ötürsün ki sevgisiz yaşamasın dünya. Mənəviyyatdan maddiyyata keçən münasibətlərdə hər şeyin pula bağlanması sevgiyə olan münasibəti dəyişdi. Sən çox fərqli fikirli və həyata, insanlara fərqli münasibət göstərən şəxslərlə qarşılacaqsan. Amma qorxma, onlar səni aldada da bilər, sənə xəyanət də edə bilər, səni ən gözləmədiyin an məyus da edə bilər. Bu heçnəyi dəyişməməlidir. Sən inanmağa, ümid etməyə, güvənməyə davam etməlisən və ən vacibi sən sevməlisən. Sən insanları, ətrafını, bütün dünyanı sevməlisən. İmkan verməki başqaları səni özlərinə bənzətməyə çalışsınlar. Özün kimi qal. Çünki hər zaman səni sən olduğuna görə sevəcəklər. Səni sevirəm.

Pərdələr

Jalüzlərdən ibarət pərdələr çox vaxt pəncərəni açıq qoyduqda, küləyin istiqamətindən titrəyirlər. Heç kimində ağlına gəlmir ki, bəs axı bu pərdələrə soyuq ola bilər. Onlarda bəlkə də küləyin möhkəm əsməyindən yox, soyuqdan titrəyirlər. Bir-birinə bağlanmış, ard-arda düzülü jalüzlər insanlara oxşayır. Məcburiyyətdən işdə, ailədə, bir çox yerlərdə sırf bu səbəbdən bir yerdə olan insanlar kimi düzülüb pərdə. Bir gün bütünlüklə yerindən ya çıxardılacaq, ya da özü qırılıb düşəcək. İnsanlar kimi, qocalıb ölən, ya intihar edənlər. Fərqli rənglərdə, görünüşdə, cürbəcür naxışlı pərdələr insan taleyənə təşbehlənmiş formadadır.
Nələr görüb bu pərdələr. O gün fikrə dalmış halda keçmiş günləri xatırlayırdı. Yadına düşdü ki bu evi alan gənc cütlük, onu təmir etdirəndən sonra ilk növbədə pəncərəyə pərdələr salmışdı. Bu otağı uşaq otağı kimi istifadə edəcəkdilər. Hətta otağı uşaqlara aid divar kağızlarıyla da bəzəmişdilər. Amma illər keçdi, bu cütlüyün uşağı olmadı. Hər gün qadın otağa gəlib, beşiyə, divar kağızlarına toxunar, onu körpə kimi oxşayardı. Pəncərəyə yaxınlaşıb, küçədən sürətlə şütüyən maşınlara baxar, fikrə dalar, ağlayar, sonra isə məni iplə pəncərəni tam örtməyim üçün çəkərdi. Bir dəfə cütlük öz arasında möhkəm mübahisə elədi. Deyəsən kişi qadına xəyanət edirdi. Dava başqa otaqda başlasa da, uşaq otağına da keçdi. Qadın əsəbindən əvvəlcə beşiyi sirkələyib, kişini xəyanətdə günahlandırdı, sonra onu ata edə bilmədiyinə görə özünü günahlandırdığını dedi. Kişi susurdu. Bağışla deyirdi, amma qadın daha da əsəbləşib, pəncərəyə yaxınlaşdı. Kəflətən əllərini pərdəyə atıb, yanımda duran jalüzlərdən birinı qırdı. Əlinin altına keçən hər şeyi qırırdı. Az qala məni də asıldığım yerdən qırıb, yerə atacaq, sonra da tapdalayacaqdı. Bəxtim gətirdi, o an üçün bəxtim gətirdi. Çünki sonra kişi qadını sakitləşdirə bilmədiyinə görə təcili yardım çağırtdırmışdı. O gündən qadın evə bir də qayıtmadı. Axırıncı dəfə kişinin kimləsə telefonla danışdığını eşitdim. Kişi dediki çox heyif qadın intihar edib. İntiharın nə olduğunu anlamadım. Yanımdakı məndən biraz aralı duran, yarı yıxılı, yarı asılı jalüz dedi ki bəs, biz necə məhv edilirik, yəni zibil yeşinə atılırıq, insanlar da bəzən ona bənzər bir şey edir. Onun da adı intihardı. Zibil yeşiyi demişkən, küçənin digər tərəfində zibil yeşikləri vardı. Elə həmin ağıllı jalüz demişdi bu zibil yeşini nə olan şeydi. İnsanlar lazımsız, ehtiyac duymadıqları əşyaları ora atırlar. Bu söhbətin üstündən çox keçmədi. Evə yad adamlar gəldi. Otağı sökməyə başladılar. Bunun da adı təmir imiş sən demə. Məni də, yanımda duran jalüzlər kimi karniz adlanan, bizim üçünsə dağımız, atamız hesab etdiyimiz pərdələrin asılıdğı çıxıntıdan bir bir qoparıb, yığıdılar qutuya. Birdən ayıldım ki, mən zibil yeşiyindəyəm.

Çobanlardan varlılara qalan miras - Qolf.


Bahalı idman növü sayılan qolf, əslində Şotlandiyada çobanlar tərəfindən yaradıldığı güman edilir. Çobanlar daşları çomaqlarıyla dovşan yuvalarına salırdılar. 1457-ci ildə Şotlandiya kralı 2-ci Yakovun sərəncamında qolf haqqında ilk qeydlər göstərilib. Təxmini tarixi  17-ci əsrdə başlayan bu idman növünün hal-hazırdakı forması, 19-cu əsrdə rəsmiləşdirilib. İndiyə kimi bu oynun dəqiq tarixini müəyyən edilməyib. Bəzi tarixçilər oyunu qədim Roma imperiyası ərazisində oynanılan paganika oyunu ilə, bəziləri isə qədim Çin oyunu olan çuyvan ilə əlaqələndirirlər. İstənilən halda oyunun vətəni Şotlandiya hesab olunur və oyun meydançası kimi Musselburq Link 2 mart 1672-ci ildə rəsmi olaraq sənədləşdirilmişdir.
Qolf məntiq oyunu adlandırılır. Buna səbəbsə, bədəndən savayı oyunda əsas hissəni öz üzərinə beyin gücünün götürməsidir. Şahmatda gedişlərin öncədən düşünüldüyü kimi bu oyunda da oyuncu beynində xüsusi hesablamar nəticəsində qolf çubuğu ilə qolf topuna vuraraq, onu dəliklərə salmağa çalışır. Hər iştirakçı adətən 18 dəlik keçməlidir. Oyun sahəsi üç əsas hissədən ibarət olur. Başlanğıc sahə “ti”, ikinci sahə fervey, üzərində otları çox qısa kəsilmiş, ortasında dəliyi olan sonuncu sahə isə qrin adlanır. Oyun topu, diametri 4,27 sm-dən çox olmayan, ağırlığı 41-46 qram, üzərində 300-500 arası çökəkliklərə malikdir. Oyun topu yalnız bir formada olduğu halda, oyun çubuqları fərqlənir. Uzaq məsafəyə vurmaq üçün vud adlanan çubuğundan istifadə edilir. İlk dəfə zərbə endirərkən topun altına “ti” adlanan top altlığı qoymağa icazə verilir. Növbəti zərbələr ayron adlanan çubuqla vurulur. Qeyri-standart vəziyyətlərdə və qısa məsafədən zərbə üçün vec adlanan çubuqdan istifadə edilir. Qrin sahəsində vurulan sonuncu zərbələr patter ilə həyata keçirlir.
Topun dəliyə düşməsində verilən xal hesabı – par adlanır. Xallar iki cür hesablanır. Birinci halda xallar oyun ərzində iştiraçının ümumən vurduğu zərbələrə görə verilir. Qalib isə ən az zərbə endirmiş adam sayılır. İkinci halda isə topun dəliklərə salınmağına görə hesablanır. Dəliklərə ən çox top salmış iştirakçı qalib elən edilir. Bərabər sayda dəliyə top salan iştirakçılar oyunu heç-heçə bitirirlər.
Qolfun əsas tərkib hissəsindən biri də kübar davranış etiketidir. Buna görə də avropalılar onu öz aralarında varlıların oyunu adlandırırlar. Qolf meydançasında oyunçuları hər hansı zədələnmələrdən qorumaq, eləcə də onların rahatlığını təmin etmək üçün təsis edilmiş xüsusi qaydalar məcmusudur. Oyunçular bu qaydalara mütləq riayət etməlidirlər. Ən vacib qaydalardan biri də özünü aparmağı bacarmaq, rəqibə qarşı hörmətlə davranmaq, oyun meydançasını səliqədə saxlamaq, təhlükəsizlik qaydalarına əməl etmək və hər şeydən öncə topun lazımı məsafədən yayındığı halda səsli bildirişin verilməsidir.


2009-cu ildə Beynəlxalq Olimpiya Komitəsinin 121-ci iclasında qolfu idman növü olaraq 2016-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Olimpiya oyunları proqramına daxil edilib. Qolf üzrə ilk Olimpiya oyunları qalibləri britaniyalı Castin Rouz və koreyalı Pak İn Bi oldu.
Ölkəmizdə də bu oyun böyük marağa sahibdir. Bu səbəbdən də 2012-ci ildə Azərbaycan Qolf Federasiyası təsis edilib.
Qolf – şotland çobanlarının boş vaxtlarını əyləncəli keçirmək üçün yaratdıqları gündən bu yana maraqlı yol keçərək, dünyanın ən elitar və bahalı idman növünə çevrilməyi bacarıb. İti ağıl, səbr, dəqiqlik tələb edən oyun, neçə əsrdir mövcudluğunu qoruyub, saxlayır. Hər bir yaşda oynanılması mümkün olan bu idman növü, həm əsəbləri sakitləşdirmək, həm də bədəni normal formada saxlamağa yardım edir. Bu idman növü iştirakçıya psixoloji olaraq prestij və özünəgüvən hissi yaşadır, eləcə də dost qazanmağa köməklik göstərir. Hətta zarafatla deyilir ki bu oyunu şotland çobanları yaratmasaydılar, dəqiq ki gec-tez psixoloqlar yaradacaqdılar.