Müharibəyə öz istəyimlə getmişəm. Vətənpərvər və milliyətçi olduğuma görə könülü olaraq ordu sıralarına yazıldım ki müharibə başlayan kimi məni çağırsınlar. Az qala hərbi komissarlığın qapısını yerindən çıxaram və axır ki mənə də çağırış gəldi. Mən də digər könüllülər kimi döyüşə yollandım. Ancaq müharibədə olmuş və o dəhşətləri keçmiş insanlar bilir ki müharibə nədir. Çoxuna görə müharibə kompüter və telefonlarda oynadıqları oyunlar qədər bəsit bir şeydir. Amma yox, müharibə qan və silahdır. Müharibə can verən əsgər və can alan əsgərlər arasında gedən prosessdən başqa, siyasətin şahmat taxtası üzərində fiqurlarını hərəkətə gətirdiyi bir yarışdır.
Döyüşlər başlayan gün mənə çağırış kağızı gəldi. Cəld
yır-yığış edib, hərbi komissarlığa yollandım. Getməmişdən qabaq anam və
qardaşımla az qala vidalaşmayacaqdım, belə tələsirdim. Anam çoxdan bilirdi ki
müharibə olsa, birinci gedənlərdən olacağam və bunu təmkinlə qarşıladı.
Qardaşımla telefon vasiyəsiylə sağollaşdım, çünki o başqa evdə yaşayırdı və ora
gedib, canlı sağollaşmağa sadəcə vaxtım yox idi. Qardaşım, “Sağ-salamat dönəsən”
deyib, sağollaşdıqdan sonra, komissarlığa yola düşdüm. Komissarlıqda adbaad
çağırış kağızıyla və hərbi biletlə bir yerdə tibbi yoxlanışa göndərdilər.
Yararlı olanları, yəni gözlə görüləcək fiziki və əqli məhdudiyyəti olmayan şəxsləri
böyük UAZ-lara yığıb, döyüş hissələrinə aparırdılar.
Mən özüm döyüş briqadasında motoatıcı idim. Fizuli,
Cəbrayıl, Xocavənd, hətta Şuşaya qədər gedib, çıxmışdıq, amma əvvəli heyyətli
yox. Döyüşə qatılmamışdan öncə hərbi bölüklərə ayrılqdıqdan sonra, gedən qızğın
döyüşlərə biz də qoşulduq. Ancaq müharibə mənim düşündüyüm kimi bir şey olmadı.
Mən niyəsə döyüşləri tamam başqa cür təsəvvür edirmişəm.
Mən sizə yadımda qalanları sıralama ilə nəql edə
bilməyəcəyəm, çünki döyüş zamanı yanımda partlayan mərmidən kantuziya
aldığımdan, yaddaşımda problemlər ortaya çıxdı. Yadımdadır ki qayadan aşağıda
dostunun meyidi üzərində ağlayan əsgərə görə aşağı enmişdim, əsgər özü də
yaralı idi və mən onu kürəyimə atıb, yuxarı qalxırdım ki arxadan məni gülləylə
vurdular. Arxamda əsgəri daşıdığıma görə güllələr məni sıyırdı, amma dərk edəndə
ki kürəyimdəki əsgər ölüb, ilk dəfə dəhşətə gəldim. Güclə də olsa, qayanı
qalxıb, meyidi yerə sərdim və başa düşdüm ki tanrı özü məni qoruyur. Amma ən dəhşətlisi
qabaqdaydı.
Cəbrayıllıda meşələrin birində tək qalmışdım. Tək-tənha
və məndən 500 metrlikdə erməni əsgərləri. Belə yerdə nə edəcəyimi düşünürdüm,
ağlıma ancaq öz-özümə danışmaq, güya ki tək deyiləm fikrini yaratmaq idi və bu
məndə alınmışdı. Təbiətən dəlisov olduğuma görə, hər an ağlıma əsdiyini edirdim
və buna görə də komandirlarimin məndən zəhləsi gedirdi. Həmin gün də onların
icazəsi olmadan meşəyə doğru irəlilədiyimdən döyüş yoldaşlarımın çoxu arxada
qalmış, ermənilərin qurduğu pusquya düşmüşdülər. Bakıya dönəndən sonra dərk
edirdim ki içimizdə satqınlar var imiş, bu səbəbdən də fərqli bölüklər fərqli
zamanlarda pusqulara düşür, bəziləri çıxa bilər, bəziləri isə öldürülürdü. Bunu
dərk etmək çox çətindi, çünki sən satqın donu geyindirə bilmirsən və sənə ağır
gəlir. Bir neçə gün ac qaldıqdan sonra, təsadüfən oradan keçən bölük tərəfindən
xilas edildim. Vəziyyətim ürəkaçan deyildi, sağlam olduğuma görə özümə gəlməyim
çox da uzun zaman aparmadı. Amma dəhşət arıqlamışdı. Ətli-canlı oğlandan
sür-sümük qalmışdı. Güzgüyə baxanda, özüm özümdən hürkdüm. Məni bu günlər ərzində
özümə gətirən həkimlər və aşpazımızı unuda bilmərəm. Həm aşpaz, həm həkimlər
deyirdilər ki müharibədə ancaq döyüşçülərin adı çəkilir, biz isə ikinci planda
qalırıq. Axı bu ədalətsizlikdi. Yarı zarafat, yarı ciddiyyətlə deyilən bu sözlərdə
böyük həqiqət vardı. Döyüş meydanında ancaq silahlar döyüşmür, qəribə səslənsə
də cərrahın bıcağı ilə, aşpazın çömçəsi də həll edici rol oynayır. O an bu sənin
ağlına gəlmir, düzü heç onun hayında da olmursan. Amma hər şey bitdikdən sonra,
bütün bu düşüncələr beyninin bir küncündən çıxaraq, özünü xatırladır və sən səmimi
qəlbdən onlara minnətdarlığını heç olmasa ürəyində bildirirsən.
Ordumuz hər gün daha çox irəliləyir, biz də onun tərkibində
Şuşaya doğru gedirdik. Xəyal kimi görünürdü Şuşa. Ancaq fotolarda gördüyüm
Şuşaya çox az qalmışdı. Şuşa Qarabağın bəbəyi idi və ora işğaldan azad edilsə,
demək ki müharibə bitəcəkdi.
Qızğın döyüşlərin getdiyi günlərin birində qəflətən
mərmi partlayışından mən kar oldum. Kantuziya nəticəsində bir neçə günlük eşitmə
qabiliyyətimi itirmişdim Bərk qorxmuşdum. Mən indiyə qədər belə qorxmamışdım, o
an bütün həyatım gözlərimin önündən keçdi. O deyirlər kino lenti kimi gözlərimin
qabağından keçir ha, bax o yalandan deyilməyib. Yadıma birinci sinifə getməyim
düşdü, necə anam boynuma kəpənək taxır, necə əllərimdə güllərlə məktəbə
yollanıram. Sonra elə bil bir anın içində kadr dəyişir və mən yeniyetməyəm, ilk
dəfə sevdiyim qızla gizlincə öpüşürəm. Kadrlar çox sürətlə dəyişməyə başlayır,
mənim məzun günüm, əsgərlik həyatı, dostlarımla görüşlər, iş, bir sözlə hər şey
ağlımdan o an keçdi. Gözlərimi açanda əsgər yoldaşlarımın gözlərində təşviş və
qorxu görürdüm, nə dediklərini eşitmişdim. Ancaq dodaqlarının tərpənişindən bəzi
sözləri tuta bilirdim. Fürsət bilib, əsgər dostlarım mənlə zarafatlaşırdılar.
Komandirim, əccəb oldu sənə deyirdi. Sözümə qulaq asmazsan, belə olar, deyib
daha da əsəbləşdirirdi.
Orada bir əsgərlə lap yaxından dostlaşmışdıq.
Müharibədən sonra da münasibət saxlamaq fikrindəydim. Şuşa işğaldan azad
olunandan sonra biz yavaş-yavaş evimizə dönürdük. Əvvəlcə ailəli şəxsləri, daha
sonra digər əsgərləri evi göndərirdilər. Qalmaq istəyən şəxslər könüllü olaraq,
ordu sıralarına yazılaraq, bir müddət də döyüş zonasında qalmağı seçmişdilər.
Dostuma çevrilən əsgər yoldaşım da həmin şəxslərdən idi. Bir müddət mən ondan
heç bir xəbər eşitmədim. Bizi mükafatlandırma mərasiminə çağıranda, onunla
orada qarşılaşdıq və nömrələrimizi dəyişdik ki yenidən əlaqə qura bilək. O dedi
ki hələ də Qarabağdadı və tezliklə dönüşü gözlənilmir. Ara sıra zəngləşirdik, ancaq
axırıncı dəfə ona mesaj çatmayanda, mən zəng eləsəm də telefonu sönülü idi.
Sonra saytdan xəbərlər oxudum ki döyüşlərimizdən təxribata uğrayıb şəhid
olanlar var və bu müharibədən düz bir il sonra baş verdi. Şəhid olanların
adlarının sırasın da onun da adı var idi. Deməli onun sadəcə bir il möhləti var
imiş.
Ev ünvanlarını bilirdim və dəfn mərasiminə mütləq
getməli idim. Dəfn mərasiminin məni bu qədər sarsıdacağını gözləməzdim. Nəşi
tabutda çıxan dostumun anası “Vağzalı” sədaları altında rəqs edir, əlində isə
xonçalar vardı. Hə, o subay idi və anası onu müharibədən sonra evləndirmək istəyirdi.
Subay qalmış oğlu üçün son mənzilə xonçalı və toy edirmiş kimi yola salmaq
arzusunu həyata keçirirdi. Qadın qohumları da şəhid anasına qoşulub, rəqs edir
və ağlayırdılar. Dəhşətli mənzərə idi. Ürəyim parçalanaraq, bunları izləmək məcburiyyətində
idim. Kəfənə bürünmüş şəhidi son mənzilə yola salmaq üçün qəbrə qoyduqdan
sonra, qəflətən anası özünü qəbrin düz içinə atdı və nəşi qucaqladı.
Ağlaya-ağlaya “Məni də balamla basdırın, ondan sonra yaşamaq istəmirəm” sözlərini
güclə eşidəcək qədər dəhşətli idi. Dostum ailənin tək övlad idi və ana ürəyi bu
itkiyə dözə bilmirdi. Qadını güclə olsa da, qəbirdən çıxartdılar və dəfn mərasimi
yekunlaşdı.
İndi mən özümlə baş-başa bütün bu hadisələr
haqqında düşünəndə bir daha anlayıram ki müharibə heç zaman bitməyəcək. Müharibə
heç zaman bitmir də. Bitdiyini düşündüyümüz sadəcə fasilələrdir. Sülh
bağlamaqdan danışanlar anlamır ki erməni ilə heç zaman sülh olmayacaq. Mən nə
özüm, nə digərləri üçün qorxu içində yaşamaq istəmirəm və əgər yenidən müharibəyə
çağırış olsa, mütləq ki gedəcəyəm. Bəlkə mənə də möhlət verilib və döyüşlərin
birində o möhətin müddəti bitəcək. İndi isə yarıda qalmış həyatımı davam etdirməyə
çalışıram.
Her misra oxuyanlarda hansisa gunu saati ani xatirladacaq qeder mena ile yazilib
ОтветитьУдалитьBy esi 07))
УдалитьЭтот комментарий был удален автором.
ОтветитьУдалитьЭтот комментарий был удален автором.
ОтветитьУдалить