Bugün ki müsahibimiz şairə, “Mahmudqızı” brendinin müəllifi Bənövşə
xanım Mahmudqızıdır. Bənövşə xanım, zəhmət olmasa özünüzü oxuyucularımıza təqdim
edin.
-
Mən
Bənövşə Mahmudqızı, psixo-pedaqoq, həm uşaq psixoloqu, həm də uşaq pedoqoqu mütəxəssisi
sayılsam da, özümü mütəxəssis adlandırmıram. Ancaq ixtisasım bu yöndərir və
şairə, söylədiyiniz kimi “Mahmudqızı” brendinin ideya müəllifi və rəhbəri,
1994-cü ildə payız aylarından biri sayılan Noyabrda dünyaya gəlmişəm. 102 saylı
tam orta məktəbi bitirmişəm. Uşaq vaxtından incəsənətə marağım olub, incəsənətin
bir çox sahələrinə bacarığım var, bu bacarıqlara aktrisalıq, qiraət, şeir
yazmaq, rəqs etmək, əməklə bağlı tikişlərim, eləcə də rəsm qabiliyyətim də var.
Bunların arasında itib, getməyən ən çox şeir və ədəbiyyatla bağlıdır. Nəzm və
ya nəsr, aralarında heç bir fərq qoymuram. Nəsrə yeni başlasam da, nəzmə lap
şaq vaxtından başlamışam. Onu da qeyd edə bilərəm ki digər sahələri inkişaf etdirə
bilməsəm də, səbəb isə ailəmin buna imkan verməməsiydi, onu da bildirim ki ailədə
beş nəfərik, atam anam və məndən başqa iki bacım var və bacıların böyüyüyəm,
bacılarım da incəsənət sahəsində bacarıqlıdırlar, onlar məndən fərqli olaraq
yollarını davam etdirmirlər. Mən bəli indi sadaladıqlarımın hamısını bacarsam
da, artıq uzun müddət məşğul olmadığımdan artıq unudulmağa başlayıb. Məsələn,
tikiş tikməyi çoxdan artıq unutmağa başlasam da, uşaq vaxtı, 4, 5-ci sinifdə
oxuyanda əl işlərim məktəb üzrə sərgilərə qoyulurdu. Bundan savayı yaxşı rəsm çəkmək
qabiliyyətim olsa da, bu aralar zəifləyib. Çünki çoxdandır artıq müəyən bir
zaman çərçivəsində tərgitmişəm.
Şeir
mənim üçün elə bir şeydir ki, nə zaman “gəlsə” yazıram deyə, zaman onu
özü-özlüyündə inkişaf etdirdi. Həmçinin bu arada sadaladığım qabiliyyətlərdən
biri olan rəqsi çox sevirəm. Mənim üçün rəqs təkcə əyləncə yox, başqa bir
dünyadır.
-
Siz şeir dediz. İlk şeirinizi nə vaxt yazmısız?
-
İlk
şeirimi yazmamışam, çünki yazacaq yaşda deyildim. 4-5 yaşlarında öz-özümə
qoşma, bayatı tipli şeirlər qoşardım. İlk şeirim nənəmə aid olub. Mən bunu
xatırlamıram, düzünü desəm. Bibibim mənə bu haqda danışır. Sonra məktəbə gedib,
əlimə qələm almağa başlayandan sonra yazmağa başladım. Yazdığım şeirlərdən ilk
çap olunanı məktəb qazeti olan “Şəkər villasında” çap olunub. Amma bu yerdə də
yaddaşım məni yanıldır. Xatırlamıram hansı şeirim idi, adı nə idi, ancaq dəqiq
bildiyim odur ki o qəzetdə çap olunub. (müsahibim gülür)
-
Sizin ailəniz bu şeiriyyata, nəzmə, nəsrə
marağınızı dəstəkləyirlər? Sualı daha dəqiqləşdirsəm, yəni ailəniz sizə təzyiqmi
edir, ya əksinə kömək edirlər?
-
Ailəm,
çox qayğıkeş, diqqətçil ailədir. Mənim təhsilimə, savadlanmağıma, önəm verib,
diqqət yetiriblər. Lakin atam mənim və bacılarımın incəsənətdə olmağını istəməyib.
Təhsildə və digər məsələlərdə də məni dəstəkləsə də, sənət məsələsində qətiyyən
dəstəkləməyib. Mənim incəsənətin digər qollarında yadırğamağımda rolu olub.
Çünki uşaq vaxtı rəsm çəkəndə, gəlib albomumu əlimdən alırdı ki “ged, dərslərini
oxu”, tikiş tikəndə “sağanaq” adlandırılan alət var, bu alət naxışların
vurulmasında və parçanın səmtinin saxlanmasında yardım edən aləti əlimdən alırdı.
İcazə vermirdi məşğul olmağa. Yəni, məşğul olmadıqca, bacardığım şeylərdə
yadırğamağa başladım.
Bayaq
vurğuladığım kimi rəsm çəkmək bacarığım olduğundan, “Mahmudqızı” brendinin
yaranması bu istedadıma qayıtmağa və onu inkişaf etdirməyə təkan oldu. Çünki o
brendin əsas məğzi rəssamlıq üzərində qurulub.
Şeiriyyata
gəlincə, sözün düzü, on yeddi yaşıma qədər atam həmişə deyirdi ki, boş boş şeylərdi,
nəyinə lazımdır, yazma. Ancaq ziyalı insanların mənim şeirlərimə göstərdikləri
diqqəti görüb, atam fəxr etməyə başladı və on yeddi yaşımda, doğum günümə hədiyyə
olaraq, atam şeirlərimdən ibarət kitab nəşr etdirdi.
-
Siz bayaq “Mahmudqızı” brendini vurğuladız, siz
bildirdiz ki brendin ideya müəllifi və təsisçisiz. Bu brend necə yarandı,
ağlınıza necə gəldi ki belə bir brend yaradasınız? Brendin əsas mövzusu nədir,
məğzi nədir. Bu haqda danışardınız.
-
Brendin
əsas mövzusu kreativlik, şablonluqdan uzaq, yaradıcılıq və əl işləridir. Kişi,
qadın, uşaq - bunlar heç biri fərq etmir. Bütün yaş və cins kateqoriyaları nəzərə
alınır. Çantalar üzərində rəsm boyaları ilə çəkilmiş hər bir insanın zövqünə
uyğun ola biləcək rəsm əsərləri təsviri işimizin əsasıdır.
Mahmudqızı
brendinin əsas yaranma səbəbi dünyada ən çox sevdiyim şəxs olan atam həyatımda
önəmli yer tutduğundan brendə onun adını vermişəm. Atam sadə bir bərbər olsa
da, övladlarına göstərdiyi diqqət, qayğı və verdiyi sevgi, hətta deyərdim bəzi
mənəm-mənəm deyən atalardan mənim üçün daha üstün olması onun adının brenddə əbədiləşdirilməsini
istədim. Bu səbəbdən də belə bir brend yaratmağı düşündüm və o brend də elə bilə,
sıradan bir brend olmasın. Bütün diqqət
və maraqları üzərində toplaya bilsin. Onu da deyim ki brendi yaratdığım qısa
zaman ərzində buna nail ola bildim. Belə bir brendi ayaqda tutmaq və davam
etdirmək üçün mütləq ki bir kapital lazımdır. Hələ ki belə bir kapitalım
yoxdur, ancaq çalışıram ki belə bir imkanı özüm üçün yaradım. Brendimi inkişaf
etdirməyi və işlərimi öz axarına qoymağa çalışıram və məncə, bu məndə alınır.
-
Sizin yazdığınız nəsr və nəzm əsərlər sizin təxəyyülünüzün
məhsuludur, yoxsa sizin və ya ətrafınızda olan insanların başına gələn hadisələrdir?
-
Mən
uşaqlıqdan təxəyyülü geniş uşaq olsam da, yazdıqlarım nəzm və nəsr, fərqi
yoxdur, hər zaman real hadisələrə əsaslanıb. İstər öz başıma gələn olsun, istər
müşahidə etdiklərim olsun, onu da deyim ki mən çox güclü müşahidəçilik qabiliyyətinə
malikəm və onu da deməliyəm ki elə müşahidələrəm olub ki onu öz üzərimdə baş
verirmiş adam kimi hiss etmişəm və buna görə həmin mövzuya dair hər hansı bir əsəri
ortaya çıxarda bilmişəm.
-
Sizə bir sual da verim. Deyirlər insanların məqsədləri
ilə imkanları üst-üstə düşməlidir. Bəs sizin məqsədləriniz ilə imkanlarınız
üst-üstə düşürmü? Əgər üst-üstə düşmürsə, düşməsi üçün siz nələr edirsiniz?
-
Məqsədlərim
və imkanlarım üst-üstə düşür. O baxımdan deyirəm ki mənəvi və potensial
baxımdan uzlaşır. Sadəcə olaraq, bir az maddiyyatda çətinlik çəkirəm. O isə
qazanılmayacaq bir şey deyil. Hər şey üçün zaman lazımdır və əlimdən gəldiyi qədər
nəyəsə nail olmağa çalışıram.
-
Siz bir çox məşğuliyyətlərinizi sadaladız – rəqs, rəsm,
şeiriyyat. Siz mütəmadi olaraq, nəylə məşğul olursunuz və hobbinizin əsas hissəsini
nə təşkil edir? Yəni ki boş vaxtınızda nə etməyi sevirsiniz. O anlaşıldı ki
ilham pəriniz gəlir, siz şeir yazırsınız, amma bundan savayı siz boş vaxtınızda
nə edirsiniz və bu sizə xüsusi bir zövq verir?
-
Mənim
həm hobbim, həm zövq verən məşğuliyyətim, hətta deyərdim hobbidən artıq olan
bir şey gəzintidir. Uzun yolları ayaqla qətt etmək və əsasən belə gəzintiləri
gün batdıqdan sonra, gün çıxana kimi həyata keçirməyi sevirəm. Çox sevirəm gəzintiləri.
Gəzintini tək olanda da, yaxud yanımda kimsə olduğu halda belə həyata keçirmək
mənə xüsusi zövq verir. Belə gəzintələr mənə az şey qazandırmır. Yəni, dostum
da olsa, tanışım da olsa, hətta yad adam da olsa yanımda yol yoldaşı olursan
deyə, onu tanımaq imkanın çox olur.
-
Bildiyim qədəriylə yaxın zamanda öz əsərlərinizdən
ibarət kitab nəşr etdirməyi düşünürsünüz. Bu haqda məlumatlandırardınız bizi.
-
Yaxın
zamanda, Allah izniylə kitab nəşr etdirmək fikrim var. Bu sayca mənim ikinci
kitabım olacaq. Birinci kitabım “Bənövşə sevgisi” adlanır. Qarışıq mövzulu
şeirlər toplusundan ibarət idi. Yeni nəşr etdirəcəyəm kitab da qarışıq nəsr və nəzm əsərləri olacaq, ancaq əvvəlki
kitabdan bircə şeylə fərqlənəcək ki bu kitabım nəşrinin xüsusi məqsədi, yönləndirilməsi,
həsr edilmə istiqaməti olacaq. Kitabın əsas mövzusu təcavüzə uğramış uşaqlarla
bağlı olacaq. Mən sosial şeirlər və hekayələr çox yazıram. Uşaqlar mənim ən həsassan
nöqtəmdir. Bu məsələdən irəli gələrək də, kitabın əsas səmtini təcavüzə uğramış
bir uşağın dilindən yazdığım uşağın adıyla adlandırmaq istəyirəm. Ona görədə həmin
kitabı bütün təcavüzə uğramış uşaqlara həsr etmək istəyirəm.
-
Çox ağır mövzuya toxunursuz. Məncə, cəmiyyət üçün də
ağır olacaq bir kitab olacaqdır.
Azərbaycanda nəyi ilk etmək istəyən qadın, yaxud şəxs
olmaq istərdin. Nəin ki Azərbaycanda, lap dünyada belə nəyi edən insan kimi
tarixə düşmək istərdiniz? Sizcə bu nə ola bilərdi, nə etmək istərdiniz. Ümumən
belə bir istəyiniz varmı?
-
Mən
indiyə qədər etdiklərimlə, istər yazdıqlarım olsun, istərsə də başqa işlər
olsun. Mən onları məşhurlaşmaq, tanınmaq, insanlar tərəfindən barmaqla görsədilmək
üçün, ən çox sevilən, yaxud ən çox nifrət edilən adam olmaq üçün etməmişəm. Mənim
etdiklərimin səbəbi dünyaya faydalı olmaqdır. Bu istiqamətdə bunun üçün
çalışıram. Mən varlı olmaq istəyirəm. Məncə, çox insan varlı olmaq istəyir.
Ancaq mənim varlı olmaq istəyimin bir istiqaməti də var ki nəin ki Azərbaycanda,
əlim yetəcək hər yerdə qadınlara, uşaqlara, evi-eşiyi olmayan, həqiqətən
ehtiyacı olan insanlara yardım edim. Bunların içində mənim üçün ən önəmlisi
olan uşaqlar üçün sığınacaq açım və indi elə bir dövrdür ki yaxşılıq belə etmək
üçün pulu olması gərəkdir ki müəyyən şeylər mane olmasın, ürəyin istədiyi kimi,
qidalanmasında, təhsilində ehtiyac olan hər şeyi verə biləsən. Mən bu fikrimi ən
yaxşısı bir cümləylə ifadə edim. Mən istəyirəm ki ehtiyacı olan uşaqların anası
kimi olum və bu dünyaya mənəvi və fiziki sağlam insanlar qazandırım.
-
Bu qədər səmimi bir söhbət üçün, belə bir müsahibə
üçün sizə dərin minnətdarlığımı bildirirəm. Gözəl fikirlərin müəllifisiniz. Sizə
gələcək işlərinizdə bol şanslar diləyirəm. Yeni müsahibələrdə görüşənədək.
Комментариев нет:
Отправить комментарий