Dalğalar məni yavaş-yavaş tərpədir, mənsə beşikdə
yırğalanan körpə kimi elə bil yuxuya gedirəm. Bakı küləksiz olmur. Az qala hər
gün bütün istiqamətlər üzrə küləklər əsir. Küləksiz Bakını təsəvvür belə etmək
olmur. Körpə kimi dedim, elə bil nə vaxtsa körpə olmuşam. “Həyata gələn gündən”
Bakı limanıdır məskənim. Tərsanədən çıxan kimi üzərək, limana gətirilmişəm. Tərsanədən
çıxanda necə də bərq verirdim. Günəşin şüaları altında par-par parıldayıb, göz
çıxardırdım. Heyif o günlərdən. Limana gəldiyim gündən, “evimə” çevrildi liman.
Ekskursiya gəmisi olmaq çox çətin məsələdir. Gün ərzində minlərlə insanı yarım saatlıq
səyahətə çıxardırsan Xəzər boyunca. Əlbəttə uzağa üzmürdüm. Bu sadəcə səyahət
idi. Yay aylarında sərnişinlərin sayı birə beş artırdırdı. Bəzən mənə elə gəlirdi
ki dözməyib, ulu babalarımdan biri olan “Titanik” kimi batacağam. Axı pul xətrinə
niyə bu qədər insanı belə yığcam gəmiyə doldurmaq lazımdır? Bir birinə sıx
durub, dənizə baxmağa can atan insanlar az qala intihar edəcək kimi suya
tullananlara bənzəyirdirlər. Düzü intihar edənlərdə olurdu içlərində. Həyatdan
bezib, özünü dənizin qoynunda can verərək, başqa dünyaya göndərmək istəyənlər və
göndərlənlər də az deyildi. O vaxtlar düşünürdüm ki bir insanı öz ömrünə son
qoymağa axı nə məcbur edə bilər? İnsanları anlamaq çətin məsələdir. Mən onların
xoşbəxt üzlərin görürdüm əsasən. Tək və ya sevgililəri ilə gəmiyə minərək,
kiçik səyahətlər edən xoşbəxt insanlar. Amma aralarında bədbəxt görünəni,
ağlayanları da olurdu. Kimisə xəyala dalır, kimisi isə göz yaşlarına boğulurdu.
Dənizin ləpələri sakitləşdirirdi onları. Mənim kimi onlar da yəqin ki
uşaqlıqlarını xatırlayırdılar. Axı ən xoşbəxt anlar uşaqlıqda keçən anlar olur
çox zaman. Lakin indi mən bulvarın lap sonunda atılıb, qalmış dəmir parçasından
savayı bir şey deyiləm. Heç gəmi də adlandırmaq olmaz məni. Pas atmış gövdəm
çürüyərək, sulara qərq olur. Duzlu su bax belə yeyib, bitirir məni, günü gündən.
Ancaq mən sizə kiçik bir hekayə danışacağam. Qısa sərnişin gəmisi həyatımdan ana
çevrilmiş bir hekayə.
Təmirdən təzə çıxdığım vaxtlar idi. Hələ dənizin
dalğalarına öyrəşə bilməmişdim. Arada möhkəm külək əsir, məni limana elə
çırpardı ki elə bil lap indicə bütün hissələrim, parçalanacaq kimi gələrdi. Bu çox
vaxt qışda baş verərdi. Adam az olduğundan dənizdə səyahətə çıxmaq istəyən demək
olar ki olmurdu. Sıradan günlərdən biri idi. Havalar artıq istiləşmişdi. Yayın
gəlişinə çox az qalırdı. Çox sayda turist tez bilet alaraq, cəld göyərtəmə yerləşməyə
başladılar. İnsanları mən əla anlayıram. Onların hansı dildə danışması vacib
deyil. İnsanlardan fərqli olaraq biz gəmilər bütün dilləri anlayırıq. İnsanlar
fərqli dillərdə danışa bilər, amma fikirlərin dili eynidir.
Haradasa iyirmi-otuz turist göyərtəmə yerləşdi.
Marağımı 5-6 yaşlarında oğlan uşağı cəlb etdi. Hansı ölkədən olduqlarını deyə
bilməzdim. Bir şeyi dəqiq bilirdim ki bu torpaqlardan deyildi.
Bir dövrə etdikdən sonra, sahildə yarım saata yaxın
durur, sərnişinlərin dolmasını gözləyirəm. Həmin bu uşaq anası ilə mən bərəyə
duran kimi minmişdilər. Bu yaşda uşaqlara xas olan dəcəllik həmin uşağa da aid
idi. O, yerində dura bilmirdi. Gah mənim burun hissəmə gedir, gah da qaçaraq
quyruq hissəmdə oynayırdı. Sonra onun fikri dənizdə üzən qara bulantılara sataşdı.
Bir müddət onlara baxıb, xeyli xəyala daldı. Bu uşaq yaşıdlarına dəcəlliyi ilə
oxşasa da ağlı ilə fərqlənirdi. Fikirləri qarmaqarşıq idi, amma qara bulantının
nə olması çox marağına səbəb olmuşdu. Anasını sorğu-suala çəkməyə başladı. Nədən
dənizdən belə qoxu gəldiyi ilə maraqlandı. Xarici vətəndaşlar, əsasən avropadan
olanlar övladlarının suallarına bir-bir cavab verir, onların fikrini yayındıran
bütün məsələlərə aydınlıq gətirir. Bunun səbəbi isə uşağa bir fərd olaraq
yanaşmaq, onu gələcəkdə müstəqil şəkildə yaşamağına, dünüşməyinə, seçim etməyinə
şərait yaratmaqdır. Yoxsa suallarına cavab verməmək, çox sual verəndə uşağı
buna görə cəzalandırmırlar. “Ey uşaq, başımdan ol, sən biləcək işlər deyil”
demirlər. Mövzudan çox uzaqlaşmadan qayıdım bu uşağa. Uşaq ürəyində olan, onu
narahat edəcək bütün suallarını tələsmədən, bir-bir anasına ünvanladı. Anası səbrlə
onu dinləyir, arada gülümsəyir, başını tumarlayır və sonda bütün sualları
cavablandırırdı.
-
Ana,
suda üzən qara bulantı nədir?
-
Neft
tullantısıdır.
-
Ana,
neft nədir?
-
Neft
təbii sərvətdir.
-
Təbii
sərvət nədir?
-
Yadındadır
bağçada Yer kürəsi haqqında müəllim dərslər keçirdir? Bax, o Yür kürəsinin öz təbii
sərvətləri olur. Yəni, torpağın, dənizlərin dərin qatlarından illər boyu əmələ
gələn, insanların yaşamağına zəruri olan təbiət elementləridi.
-
Bəs
insanların təbii sərvətləri olur?
-
Məcazi
mənada olur. Məsələn, sən mənim təbii sərvətimsən, övladımsan. Sənsiz yaşa bilmərəm.
Mənim canımdan, qanımdansan.
-
Bəs
neft necə bir təbii sərvətdi?
-
Maye
halında olur və rəngi qaradır. Bax maşınlar var ha, onlar neftdən alınan məhsullarla
idarə olunur. Təkcə maşınlar yox, neft məhsulu ilə idarə olunan o qədər həyat əhəmiyyətli
şeylər var ki.
-
Neft
dənizdən çıxır?
-
Əsasən
dənizlərdən çıxır, ancaq torpaqdan da çıxa bilər.
-
Ana,
biz sənlə çoxlu dənizlərdə üzmüşük. Onlarda neft görməmişdim.
-
Bütün
dənizlərdən neft çıxmır. Bu Xəzər dənizidir. Xəzər dənizindən neft çıxardırlar.
-
Neft
çıxardılan bütün dənizlərdə bu cür neft üzür suda? Bütün dənizlərdə bu qədər tullantılar
olur?
-
Yox.
Bəzi dənizləri təmizləmədikdə bax, bu cür tullantılar olur. Tullantılar başqa
neft daşıyan gəmilər, kanalizasiyalar, və çaylardan dənizlərə axıdılır.
-
Ana,
axı dənizi təmizləməsən o daha çox çirklənər və dənizdə yaşayan canılar ölər.
-
Hə,
balam elədi. Dənizi çirkabdan, zibillərdən mütləq təmizləmək lazımdı. Yoxsa
orada daha heç bir canlı yaşaya bilməz.
-
Ana,
insanlar təbii sərvətlərini sevməlidilər axı necə ki sən məni sevirsən. Bu dənizin
qayğısına qalmalıdılar. Çünki bu dənizdə onlar kimi canlı olanlar yaşayır,
insan olmasalar belə onlar da canlıdır.
Uşağın anası bir qədər fikrə daldı. O, özü də
anlayırdı ki oğlu ona böyüklərin vermədiyi belə sualları verir və bu sualları
cavablandırmaq bir az çətindir. Bu yaşda bir uşağa necə başa salasan ki heç də
həmişə insanlar yaxşı olmur. İnsanlar istifadə etdikləri təbiəti qorumur, onun
qayğısına qalmır. Onların bəziləri yalnız istifadə etməyi bilir.
Uşaq anasının gözlərinə məsumcasına baxaraq, gülümsədi.
Deyəsən, gözlərindən anlamışdı, anası nə haqda düşünür.
-
Ana,
mən bu dənizi, bu şəhəri sevdim. Mən sənlə çox şəhərlərdə gəzmişəm, çox dənizlərdə
üzmüşəm. Ana, mən çox istərdim ki bu dənizin qayğısına qalsınlar, sənin məni
sevdiyin kimi sevsinlər. İstəyirəm ki böyüyəndə sənlə yenidən buraya qayıdaq.
Lap bu cür yenidən gəmiyə minək və səyahətə çıxaq. Amma daha bu cür zibillənmiş,
tullantılı dənizi görməyim. Daha heç bir pis qoxu duyulmasın.
Uşaq bunları deyib, başını anasının dizlərinin
üstünə qoydu. Sonra isə əsnəyərək, yavaş-yavaş mürgüləməyə başladı. Az keçmədiki
artıq yuxuya getmişdi. Dənizin havası çox vaxt yuxu gətirir. Tərpənən gəmi isə
ana beşiiyi kimi yırğalayır.
Anası öz içində övladı ilə qürur duydu. O da oğlu
kimi ümid edirdi ki illər sonra bu dəniz indikindən daha təmiz olacaq. O, yenə
balası ilə dənizin qoynunda səyahət edəcək və bu günləri xatırlayacaq. Oğlunun
yuxuya getdiyini görüb, onun başından öpdü.
Mənsə indi bu qədər qocalmış, bu qədər paslanmış bədənimlə
tərk edilmişəm. Bura gəmilər qəbirstanlığıdır. Son günlərini digər sənin kimi
atılmışlar arasında keçirdirsən. Burada mənim kimi turistlər üçün səyahət gəmilərindən
savayı, neft daşıyan tankerlər, təmir gəmiləri də var. Hər cür gəmi növü tapmaq
olur burada. Hamının da sonu bu qəbirstanlıqdır. İstismara yararsızlıq damğası
vurulan kimi buraya atılırsan. Elə belə sən deyildin o vaxt dəbdə olan, istifadə
edilən. Mən özümü xatirələrimlə ovuduram. Heç olmasa xidmətim insanlara onları
otuz dəqiqəlik dəniz gəzintisinə çıxartmaq olub. Özümlə baş-başa qalınca
xatırlayacaq o qədər hekayələr yadıma düşürki. Bayaq da sizə anlatdığım hekayə
düşmüşdü. Fikirləşdim ki bu cür heyakəni ömrümün son günləri kimlərləsə bölüşmədən
tərk edə bilməzdim buraları. Məndə məndən öncəki gəmilər kimi qərq oluram bu
möhtəşəm Xəzərin dibinə.
Комментариев нет:
Отправить комментарий