Sərlövhə

Çap mətbuatının hal-hazırdakı vəziyyəti necədir?


İntenetin həyatımızda bu qədər önəm daşıdığı bir dönəmdə, ölkəmizdə çap mətubatının  dəbdən düşməsi və oxucu sayının kəskin şəkildə azalması artıq danılmaz fakta çevrilib. Oxucu kütləsinin çap mətbuatından çox elektron mətbuata önəm verməsi, xəbər sayt və portallarının populyarlığı bizim ölkə kimi kiçik əraziyə malik olan bir ölkə üçün müzakirə obyektinə çevrilmişdir. Hal-hazırda öndə duran məsələlərdən biri də çap mətbuatına diqqəti artırmaq, oxucuların sayının artırılması, qəzet və jurnallara marağın oyadılmasıdır.
Azərbaycan ilk qəzet çıxmasından əsrlər belə keçsə də indi durum çox fərqlidir. Oxucu nə istəyir? Qəzet və jurnalların arasında fərq gözə çarpacaq qədərdir. Qəzetlərin aqibəti daha pisdir. Sosial şəbəkədə keçirtdiyim sorğu nəticəsində məlum oldu ki, gənclərə əslində səbəb lazım deyil. Onlar oxumaq istəmirlər. Çoxu üçün çap mətbuatı artıq keçən əsrdə qalıb. Müəyyən sayda insanlarda bu mətbuata marağı köşə yazıları və məqalələrin oyada biləcəyinə inanırlar. Ancaq kifayət qədər güclü məqalə və köşə yazıları yazan qəzet və jurnallar olduğu halda niyə oxucu sayında dəyişikliklər olmur? Bəlkə doğrudan da ölkəmizdə çap mətbuatının süqut dövrü yaşanır? Həqiqətən də sosial şəbəkələr və saytlar çap mətbuatını dəfələrlə üstələyib. Bəzi oxuyucular hesab edirlər ki jurnalistlər mütləq qorxmadan, tam müstəqil şəkildə öz analitik düşüncəsini ortaya qoyaraq, ölkənin problemləri barədə yazmalıdır. Yazılanların çoxu iqtidar yönümlü olduğundan əhalinin vəziyyətini, ölkənin vəziyyətini olduğu kimi, sözün həqiqi mənasında əks etdirmədiyini dilə gətirirlər. Çünki media cəmiyyətin güzgüsü olmalıdır. Belə olmadığı halda jurnalistlərə, eləcə də həmin qəzet və jurnalara da inam azalır. Bəzi oxuyucular qəzet və jurnalların üz qabıqlarının düzgün başlıqlar əks olmamasından oxunmadığını bildirdilər. Yəni, başlıqlar düzgün seçilmədiyinə görə məqalələr cəlbedici görünmür. Çünki ad məqalə üçün şəxsiyyət vəsiqəsi kimi bir şeydir. Çox az qism oxuyucular isə qəzet və jurnalların hazırladığı materialların çox aşağı keyfiyyətə malik olmasından şikayətçidirlər. Onlara görə həddindən artıq bərbad tərtibat və keyfiyyət oxuyucu sayına mənfi təsir göstərir. Ölkəmizdə çıxan qəzetlərin demək olar ki çoxu ağ-qara rəngdə olması oxucuda qəzeti əldə etməkdən vaz keçirdir. Vizual olaraq ağ-qara rəngə deyil, rəngarən şəkilli və hərfli qəzetlərin daha cəbzedici görünməsi, onları əldə edib, oxumağa daha çox maraq yarada biləcəyini dedilər.
Jurnallarda qəzetlərdən fərqli olaraq vəziyyət az da olsa ürək açandır. Jurnalların rəngarəng olması, daxilində yazılardan başqa fotoların da yerləşdiyini nəzərə alsaq, oxucuların bu cür məqalələri oxumaqları maraq oyadıcı səbəblərdən sayılır. Son zamanlar təkcə sosial, iqtisadi, siyasi durumdan deyil, hər hansı incəsənət növünü özündə cəmləyən jurnallar dərc edilməkdədir. Oxucu kütləsinin əsasını gənclər təşkil etdiyini və bu cür jurnallara daha çox incəsənətin həmin növü ilə maraqlanan və məşğul olan şəxslərin alıcıya çevrilməsinə gətirib, çıxardır. Jurnalların pərakəndə satışının, eləcə də jurnallara abunəlik mümkün olduğundan, onları şəhərin bir çox kiosklarından əldə etmək mümkün olur. Lakin bunu ölkənin regionları haqqında demək mümkün deyildir. Kioskların digər şəhər və rayonlarında qıtlığı satışın çox olmamasına əngəllərdən biri sayılır. Təkliflərdən biri də qəzet və jurnallarda hədiyyə kuponlarının yerləşdirilməsi və hədiyyə kuponlarını verməklə əvəzində hər hansı hədiyyə əldə etmək oxuyucularda marağa səbəb olacağını düşünürlər. Bəziləri isə bu fikirdədirlər ki qəzet və jurnalı yenidən dəbə gətirmək zərurəti yaranmalıdır. Şəhərdə gənclər arasında bu tip fleşmobların keçirilməsi yenidən mütaliyəyə səbəb ola biləcəyini düşünənlərin də az olmamasını göstərir. Ancaq əsas səbəblərdən biri kimi də informasiyanın ifrata varması göstərilir. Gün rəzində həddindən artıq informasiya qəbulu baş verdiyindən, insan beyninin bu qədər informasiyanı gün ərzində emal etməsi problemi qəzet və jurnallarda olan informasiyanın əldə edilməsinin qarşısını alır. İnformasiya ilə dolu beyin digər mənbələrdən informasiya qəbuluna qarşı baryer yaradır çünki yorulur və oxuduğunu belə anlaşılmayacaq dərəcəyə gətirir.

Ümumilikdə götürsək qəzet və jurnallara marağın aşağı olmasının əsl səbəbi əhali arasında internetdən geniş istifadə olunmasıdır. İstənilən insanın evindən, internet klublardan və hətta mobil telefonlardan çıxışa malik olması, onların yazılarının blog və ya digər saytlarda problemsiz dərci, oxuyucuların heç bir pul xərclədən həmin yazılarla tanış olmasına bir başa şərait yaradır. Sözsüz ki kağız məmulatını heç bir elektron vasitə əvəz edə bilməz. Ümid etmək qalır ki heç də bəzilərinin bədbin düşündüyü kimi qəzet və jurnallar yaxın on il ərzində tarixə qovuşmayacaq. Yazıçı və jurnalistlər oxuyucu kütləsinin fikrini nəzərə alaraq, qəzet və jurnallara yeniliklər gətirməyə çalışacaqlar və bu yolla oxuyucularda daha çox maraq oyadıcılacaq.

Комментариев нет:

Отправить комментарий