Keçmişi unutmaq və yaşamağa davam etmək. Bəzən bu
elə çətindir. Yadımdadır balaca uşaq idim, qapıdan ayağımı çölə qoyan kimi
qonşu uşaqları “Gey Raufun qardaşı” deyərək qışqırırdılar. O vaxt bu sözlərin mənası
mənə elə də çatdırmırdı. Gey nədir? Niyə qardaşıma elə deyirlər? İndi isə vəziyyət
əvvəlkindən də betərdi. İndi qardaşım cinsiyyətini dəyişdirib. Bəli, qardaşım
transseksualdır.
Atam indinin
özünə kimi içir. Düzdür, daha əvvəlki kimi spirtçi içki qəbul edib, anamı və
bizi döymür. İçir, yıxılır bir küncə. Amma biz uşaq olanda içib, bizi döyərdi.
Heç yadımdan çıxmaz bir dəfə qardaşım atamın içkili vaxtında əlinin altına düşmüşdü.
O qədər döydü qardaşımı. Başına o qədər təpik, yumruq vurdu ki dedim qardaşım dəli
olacaq. Amma qardaşım dəli olmadı. Onun gey olması səbəblərini bilmirəm. Yaşca
məndən böyük olduğundan hara gedib, haradan gəldiyini bilmirdim.
Üstündən uzun müddət keçib. Hər şeyi unudulmuş kimi
gəlirdi taki bu günə kimi. Evimizə məktub gəldi. Məktubda radara düşmüş avtomobilin
şəkli idi. İçində isə bir qız. Məktub qardaşımın adına idi. Atam məktubu
oxuyub, dediki yəqin qardaşım maşını kiməsə satıb, amma onun adına qalıb. Mən
anamla baxışdım. Çünki atam qardaşımın cinsiyyətini dəyişdiyini bilmirdi. Atam
hələ bilmirdi ki böyük oğlunun cinsiyyətinin dəyişdirməsi xəbərini kimdən nə
vaxt alacaq.
Qardaşımın haradasa 20 yaşı vardı evdən qaçanda. Növbəti
dəfə atam tərəfindən döyüləndən sonra daha buna səbir edə bilməyib, evdən
qaçmışdı. Uzun müddər ondan heç bir xəbər almadıq. Amma sonra qəflətən qapıda
peyda oldu. Daha doğrusu qapıda sarısaç bir xanım vardı. İlk baxışdan onu
tanımamışdım. Əgər zəng vurub, qapıya çıxmağımı istəməsəydi heç vaxt ağlıma da
gəlməzdi ki bu qardaşımdır. Yalan olmasın 5 dəqiqə səssiz-səmirsiz ona baxdım. O
üzümdəki təəccübü görüb təbəssümlə dedi “ Ay əclaf nə olub, trans görməmisən?”.
Mən həqiqətən də indiyə kimi cinsiyyətini dəyişmiş adam görməmişdim. Qardaşım məni
yola salmağa gəlmişdi. Sən demə o anamla zəngləşirmiş. Ana ürəyidir. Nə olursa
olsun, övladından vaz keçə bilmir. Anam ona mənim əsgərliyə getdiyimi deyib. O da
gəlib mənlə sağollaşmaq istəyirmiş. Sağollaşarkən heç bilmədim onu qucaqlayım,
ya nə edim. Sadəcə əlini sıxmaqla kifayətləndim. Bir neçə gün sonra yola
düşdüm.
Bir bölgəyə düşdüyüm halda andiçmədən sonra məni
tamamiylə başqa bir bölgəyə keçirdilər. Sən demə qardaşım pul verib, məni daha
yaxşı hesab etdiyi bölgəyə saldırıb. Hətta sonralar öyrəndim ki bacımın
cehizinin alınmasında bir başa qardaşımın əli olub. Qardaşımın puluna bacımı gəlin
köçürmüşük.
Qardaşımın cinsiyyətini dəyişdirdikdən sonra bir
çox transseksuallar kimi bədənini satmaqla məşğuldur. Anam ödündən keçən il əməliyyat
olundu. əməliyyat pulunu da qardaşım vermişdi. Uzun sözün qısası ailəmizi
qardaşım dolandırırdı. Atamın xəbəri vardı. Amma reaksiya verməməyə çalışırdı.
Yaxın qohumumuz rəhmətə getdiyindən rayona getməli
olduq. Yas məclisdən sonra atam başı alovlu üstümüzə gəldi. “Siz mənə niyə deməmisiz?,
Niyə mənim xəbərim yoxdur?” sualları yağdırırdı. Bizdə maraqla onun üzünə
baxdıq ki nə məsələdi.Sən demə məclis vaxtı qohumlarımızdan biri ironiya ilə
atama deyib ki “ Ay Cəfər, eşitdim oğlun gedib, cinsiyyətin dəyişdirib”. Bu kənddə
belə şey olmamışdı. Onu da sənin oğlun etdi. Daha kəndə gəlməyin. Bütün kəndin
dilindəsiz. Biabır olmusuz bütün kəndə. Ailəni də götür, qayıt şəhərdəki evinizə.
Atam da dəhşət içində qohumuza deyib ki, belə şey
ola bilməz. Yoxsa onun xəbəri olardı. Kişi də atama cavabında bildirib ki “Özünü
bicliyə vurma. Yekə adamsan. Başını quma soxmusan, arxan qalıb çöldə. Elə
bilirsən camaat çörəyi qulağına, burnuna yeyir? Keçən səfər Səfərin nəvəsi şəhərdə
olanda gədənlə rastlaşıb. Özü Səfərin kiçik nəvəsinə salam verib. Hal əhval
soruşub. Səfərin nəvəsi də şəhərdən bir başa nənəsigilə zəng vurub, əhvalatı
danışıb”. Atam o an ona cavab vermədən, yerindən sıcrayaraq, üstümüzə gəlib ki söhbətin
düz olub-olmamasını bizdən öyrənsin. Anam yazıq da bunun doğru olduğunu atama
danışdı ki o bizdən əl çəksin. Səhəri gün şəhərə qayıtdıq. Qayıdandan sonra
atam bizə qardaşımla əlaqə saxlamağa qadağa qoydu. Anam da bu səfər susmadı. Qardaşımın
harada nə qədər pul xərclədiyini bir-bir atamın üzünə vurdu. Sonra atamı
iddiham etməyə başladı. Bütün gəncliyinin dava-qırğında keçməsində, oğlunun
hala gəlib, çıxmasında onu günahkar bildiyini dilə gətirdi.
Mən sonra qardaşımla danışanda söhbətdən onu da xəbərdar
elədim. O mənə dediki özü bilə-bilə qohumuzun nəvəsinə yaxınlaşıb. Onsuz da
gec-tez kimsə bundan xəbər tutacaqdı. Ən yaxşısı bəri başdan deməkdir. Qardaşım məni evləndirəcəyini də öz boynuna
götürüb. Deyir sən qız tap, gör sənin üçün necə toy edirəm. Qardaşımın cinsiyyətinin
dəyişdirməsini nəyinki az adam bilir, hətta məndən böyük qardaşım olmasını
barmaqla sayılacaq qədər adamlara demişəm. İnsanlar bu söhbəti eşidəndə müxtəlif
cür davranırlar. Kimisi məndən üz döndərir,
kimisi inanmır. Elə bilir zarafat edirəm. Kimisi də normal qəbul edir. Ona görə
çalışıram ki az adam bilsin. Hal-hazırda
bu haqda düşünməməyə çalışıram. Gələcəkdə nə olacaqsa, olacaq. İndidən bu haqda
düşünüb, əhvalımı pozmaq istəmirəm. Həyatdır.
Heç kim bilmir ki sabah başına nə iş gələcək.
Комментариев нет:
Отправить комментарий