Onun kəndirdən sallanan meyidi hələ də gözlərimin
önündən getmir. Gömgöy bədəni, ağzından çıxmış dili, bərəlmiş gözləri, yerə
yanı üstə düşmüş kətil, onun boğazını ilan tək sarmış kəndir, havada qalmış əl
və ayaqları az qala hər gecə yuxuma girir. Niyə həyat bu qədər amansızdır? Niyə
mən onu indi, ona bu qədər ehtiyacım olduğu vaxtda itirdim?
O xərçəngə tutulduğu xəbərini alanda hamımız təəccüb
və kədər içindəydik. Hər şey yaxşı olmasa da, yaşamımız heç də pis deyildi. O,
imkan daxilində işləyir, qardaşımın gətirdiyi maaşa göz dikmirdi. Anamınsa
qazandığı qəpik quruş isə ailəmizə elə də kömək etmirdi. Ən azından onun
varlığı bizə bəs edirdi. Amma bu xəbər bizi necə sarsıtmışdısa, onun intiharı
bizə bir o qədər də dağ çəkdi.
Həkim müalicəsi olduğunu bildirdi, lakin müalicə
üçün çox pul gedəcəyini də xatırlatmaqdan yan keçmədi. Kimyəvi terapiya,
alınacaq iynə və dərmanlar çox pul tutduğundan biz müalicəyə dərhal başlaya
bilmədik. Anam bütün qoyum-əqrəbanı,
tanış-tunuşu arayıb vəziyyəti bildirdi. Yardım istəməkdən başqa çarəmiz
qalmamışdı. İçlərində çox az adam yardım əlini uzatdı. Yox, mən heç kimi
qınamıram. Çox çətin dönəmdə yaşayırıq. Hər şeyin bahalaşdığı bir vaxtda kimdənsə
nəsə ummaq doğru deyil. Sadəcə mən onun xilas olmağını istəyirdim. Çoxu bizdən
bu xəbərdən sonra üz döndərdi. Borca pul istəyən kimi bir çoxu bizi elə bil
tanımırmış kimi aparmağa başladı. O, belə münasibəti görüb, dəhşətə gəlsə də
bizə heçnə demirdi. Biz isə səylə pul toplamaq, onun müalicəsi üçün lazımı məbləği
yığıb, kimyəvi terapiyaya başlamaq istəyirdik. Həkim qəti bir müddət
qoymamışdı, amma bildirdi ki əgər yaxın üç aya müalicəyə başlamasaq, onun
ağrıları baş qaldıracaq və ağrılara dözmək çox çətin olacaq. Onda mədə xərçəngi
vardı. Uzun müddət keyfiyyətsiz qidalanması, həyat şəraiti onun orqanizmində
özünü göstərmişdi. Hər şeyin ən yaxşısını bizim üçün alsa da, özünə qıymırdı. Hər
şeyin ən yaxşısı övladlarına qismət olmalı idi.
Biz əməliyyat olunub olunmaması haqqında soruşanda,
həkim bildirdi ki əməliyyat olunsa belə, bu ona elə də kömək etməyəcək. Heç əslində
kimyəvi terapiyanında nəticəsinin müsbət olacağı ümidi yoxdur. Sadəcə yoxlamaq
lazımdır, bədəni müalicəni götürəcək və xəstəlik geri çəkiləcəkmi, yoxsa yox.
Pul yığdığımız və bankdan kredit götürdüyümüz
vaxtlarda onun ağrıları başladı. Anam tibb bacısı olduğuna görə ona imkan
daxilində ağrı kəsici iynə vurur, dərmanlar verirdi. Bu ağrıkəsicilər də ucuz dərmanlar
deyildi. Həm də uzun müddət ağrıkəsici vurduqda bədən buna öyrəşir və insan
keyləşir. O, buna yol verə bilməzdi. Ömür boyu beynini işlədən, ağıllı olan bir
şəxs ağrıkəsicilərlə dolanmağı özünə təhqir hesab edirdi. Yadımdadır bir dəfə
onun ağrısı necə tutdusa, qarşımızda çapalamağa başladı. Ağrılardan dırnağı ilə
döşəməni cırmaqlamışdı. İndi isə onun cırmaqladığı yerləri öpürəm.
Bu ağrılar artıq onu taqətdən salmışdı. Nə normal
yemək yeyə bilir, nə tualetdən normal istifadə edə bilirdi. Həyat cəhənnəmə
çevrilmişdi. Adi su belə onun üçün az qala indicə vulkandan püskürülmüş lava
udmuş kimi gəlirdi.
Mənim səhərdən axşama kimi işləməyimə baxmayaraq,
işdən sonra əlavə işlərdə götürürdüm. Bu da lazımı məbləğin yığılmasına azca da
olsa kömək edirdi. Biz kimyəvi müalicəyə başladıq. Bir müddət müalicə olunsa
da, pulumuz bitmək üzrəydi. O, bunu əla başa düşür, hey fikrə dalar, bir söz
deməzdi. Çünki taqəti yox idi. Haydan düşmüş bədəni, yeriyən ruha bənzəyirdi.
Həmin gün mən evə həmişəkindən daha tez gəldim.
Darvazanı açıb, içəri girdikdən sonra tez özümü evə çatdırmaq istədim. Özümdə o
anlaya bilmirdim ki niyə ayaqlarım məni evə belə cəldliklə aparır. Yəqin
hissiyatım məni aparırmış.
Ev qapısını örtülməmişdi. Evə daxil olub, onu səsləməyə
başladım. O, səsimə səs vermədi. Dedim, yəqin yatıb. Amma tez də fikrimdən
yayındım, çünki kimyəvi terapiyanı durduranı ağrılar ona rahat nəfəs almağa
imkan vermirdi.
Qonaq otağına addım atmışdım ki, gözlərimin önündəki
olanlara inanmağa beynim imtina etdi. Atam intihar etmişdi. Əvvəllər şamdanların
asılı olduğu, indi isə yerinə iki qırmaq kimi böyük mıxların vurulduğu yerdən
atam kəndiri elə salmışdı ki onu oradan kəndiri kəsmədən çıxarmaq mümkün
olmamışdı.
Mən onun sallanan cəsədini görücə duruxdum. Qaçıb,
ayaqlarını çiynimə dirədim ki bəlkə sağdır, onu səslədim, sirkələdim, onun bədəni
bumbuz olmuşdu. Həyat bədənindən axıb getmiş, yerinə boş bir cəsət buraxmışdı.
Atamın bədəni ağır olduğundan çiynim bu ağırlığa tab gətirmədi və mən yerə
yıxıldım.
Bu an özümü saxlaya bilməyib, qışqırdım. Belə heç
vaxt qışqırmamışdım. Qışqırığımdam öz qulaqlarım batdı. Gözümdən yaşlar sel
kimi axmağa başladı. Niyə ata, niyə məni tərk etdin? Niyə həyat bizə qarşı bu qəddar
oldu? Pulsuzluq bizi məhv etdi, səni bizdən aldı. Hər şeyin başında pulun
durduğu bir zamanda xərçəng səni ağuşuna alıb, başqa dünyaya apardı. Sənin kimi
minlərcə insan hər gün o biri dünyaya
köçür.
Həyətə çıxıb, ağlayıb, ah-vay edirdim. Səsimə
qonşuluqda qadın gəldi. Nə olduğunu anlamağa çalışsa da, ona heçnə deyə bilmədim.
Evə daxil olanda, atamın meyidini görüncə, onu da ağlamaq tutdu. Tez oğlunu
çağırdı. Oğlu gəlib, atamın kəndirini kəsərək meyidini aşağı endirdi. Sonra
qonşu anama və qardaşıma zəng vurdu.
Görünür atam bunu öncədən planlaşdırıb. Qarajdan
evin təmiri zamanı sementin qaldırılması üçün istifadə etdiyi kəndiri tapmış,
onu heç kim görməsin deyə divanın altında gizlətmiş, anamla mən işə getdikdən
sonra öz intihar planını həyata keçirmişdi. Mən bunu daha sonra divanın altını
təmizləyərkən, kəndirdən bir hissə tapdığım zaman anladım. Ölümündən bir gün
öncə o qədər mehriban, o qədər gülərüz idi ki, çoxdandır biz onu bu cür görməmişdik.
Sən demə sonuncu günü imiş bizlə.
İndi isə onun yas məclisində oturub, hamının üzünə
baxıram. O vaxt bizə yardım etməkdən boyun qaçıran şəxslər indi atamın yas məclisində
oturub, heçnə olmamış kimi danışır. Elə bil bizdən atamın xəstəliyinə görə üz
döndərən bunlar deyildi. Mən onlara necə də nifrət edirəm. Ağlımdasa bankdan
götürdüyümüz krediti və aldığımız borcları necə ödəcəyimizi fikirləşirəm.
Qardaşımın ailəsində körpə dünyaya gəldiyindən o bizə çətin ki yardım edə
bilsin. Güya heç yardım da etmək fikrindəydi. O çox vaxt ailəmizə biganəlik
göstərirdi. Atam danlasa da, ağıl öyrətsə də xeyri olmurdu. Anamla mən
çiyin-çiyinə verib, borcları ödəməli, maaşdan qalacaq pulla isə yarı ac, yarı
tox dolanmalıyıq.
Həyat davam edir, düzdür. Ölənlə ölmək olmaz.
Yaşamağa davam etmək lazımdır, heçnəyə baxmayaraq. Mən bütün bunların hamısı
yaxşı bilirəm. Bəs yaxşı toy günümdə məni ağ duvaqla bəy evinə kim gəlin köçürdəcək?
Kim alnımdan öpüb, ər evinə yaxşı yol deyəcək? Atasız qızlara, dul qadınlara çəp
baxılan bir cəmiyyətdə yaşadığımız zaman mən bu ağır yükü çiyinlərimdə necə çəkəcəyəm?
Qızın atasının olmaması öyrənən, ona şərəfsiz və ləyaqətsiz təkliflər edən o qədər
alcaq varkən, mən kimə sığınacağam?
Dərin fikirlərdən məni anam ayırır və deyir ki işə
getməliyəm.Mənsə yanağıma düşən göz yaşı damcısını silərək, özümə güzgüdə əl gəzdirirək,
işə yollanıram ki axşam yenidən məni daha gözləməyək atasız bir evə qayıdım. Mənə
əlvida demədən, məni tərk etmiş insanın evə qayıdım.
Комментариев нет:
Отправить комментарий