Sərlövhə

Adsız

Fikrim kompüterdə qalmışdı. Birdən telefonuma mesaj gəldi. Sevincək telefonu əlimə alıb, mesajı oxumağa çalışdım. Üzümdəki təbəssüm  eləcə donub, qaldı. Mesaj operatordan gəlmişdi. Öz-özümə düşündüm “Ay axmaq, sənə kimdir mesaj yazan”.
Başımı monitora qaldırdım. Qovluqlarda eşələnib, onun fotosunu tapdım. Gizlincə səhifəsindən əkişdirmişdim. Onu daha görməyəcəyimi bilib, arada təsəlli olaraq, fotosuna baxmaq üçün yükləmişdim kompüterimə.
Əşi  nəysə. Fikir verməyin. Yenə də gicləyirəm. Heç vaxt ağıllanmayacağam. Nə qədər dırmığa ilişsək də, ürək həmişə sevməyə fürsət axtarır. Hər dəfə deyirik ki, bu sondur, amma gözlərimiz kiminsə gözlərinə sataşır və yenidən başlayır hər şey.
Sevgi bir qırağa qalsın. Həyatda doğrudan da tük ürpədici hadisələr baş verir. Eşidəndə bəzən günlərlə gözlərimizə yuxu getmir, dəhşətə gəlirik Bizə elə gəlir ki, bu mümkün ola bilməz. Axı insan deyilən məxluq bu qədər insaniyyətsiz ola bilməz. Lakin ola bilir və olur.
Sizə qonşuluqda, daha dəqiq desək bizdən bir iki məhəllə aşağıda yaşayan ailədən danışmaq istəyirəm. Çünki mənim fikrimcə bir ana deyilən qadın qızı deyilən övladına bunları edə bilməzdi, ancaq etdi.
Bacımın rəfiqəlik etdiyi qız vardı kəndimizdə. Qız qəşəng idi. Sarışın, dərisi fil sümüyü rəngində, gözləri isə zümrüd yaşılı idi. Bilmirəm bir qadın digər qadın haqqında necə təsəvvür yarada bilər, nəzərə alsaqki, əgər mən lezbiyan deyiləmsə. Amma qız həqiqətən də qəşəng idi.
Atası anası ilə yola getmirdilər. İndi birisi deyəcək ki, nə olsun, guya kim kimlə yola gedir ki? Münasibətlərin necəliyi bizim övladlarımıza da təsir göstərir. Gələcəkdə onlar ailə qurmaq istəyəndə belə şüur altına yığılmış bütün bu informasiya və “təcrübə” öz sözünü demiş olur. Bizim həyat yoldaşımızın seçimində, bizim övladımızın valideyni seçmək istədiyimiz şəxsə qarşı güvənsizliyimiz, ona inanmamağımız, hər fürsətdə ondan zərbə gözləməyimiz, gələcəkdə bizim də ailəmizin dağılmağını ön plana çəkir. Çünki qorxunun gözləri böyük olur. Mətləbdən uzaqlaşmayım. Ailə sonunda dağılmağa məhkum qaldığından  qızın valideynləri boşandı. Bütün olanlar da bundan sonra başladı.
Valideynlər boşandıqdan sonra qızın kimlə qalacağı mövzuya çevrildi. Qızın özünə seçim verilmişdi. Atası qızını heç cür anası ilə buraxmaq istəmirdi. Varmış bildikləri. Mən bunu daha sonra anladım. Qız bir müddət atası və bibisigillə yaşadıqdan sonra anası onu öz yanına çağırdı. Qız əvvəlcə razılıq vermirdi, çünki anası atasından boşandıqdan sonra özünə yeni kişi tapmışdı. Atası qızını ögey atanın yanına buraxmaq istəmirdi. Halbuki anası o kişi ilə nigaha girməmişdi. Əlqərəz anası nə etdi, nə dedi bilmirəm, lakin qızını öz yanına apara bildi. Qız kənddən gedəndən sonra bacımla əlaqələri itmişdi. Bir gün qız yenidən atasıgildə peyda oldu. Bacımın onunla görüşmək fürsəti olmadı. Ötəri salamlaşaraq, hal-əhval tutmuş, anasının yanında həyatının necə keçməsi haqqında soruşa bilməmişdi. Üstündən bir müddət keçəndən sonra qız yenidən yoxa çıxdı. Bacım qızın bibisini görəndə, qızın harada olduğunu soruşmuş, cavabında isə “Anası məhkəmə yolu ilə bizdən aldı” eşitmişdi. Uzun müddət ondan səs-soraq olmadığına görə başına nələrin gəldiyindən xəbərsiz idik. Ancaq günlərin birində qızın yenidən kəndə döndüyünü eşitdik. Qız qonşuluqda kasıb ailələrin birinin evində yaşayırdı. Bacım buna çox təəccüblənmişdi. Atasının evi olduğu halda niyə o, kiminsə evində yaşasın? Bacım fürsət tapıb, qızla görüşmüşdü. Evə dönəndə bacımın niyə belə əhvalsız rəfiqəsi ilə görüşdən gəldiyini öyrənməyə çalışdım. Elə bildim uzun müddət danışmadıqlarına görə bacım ondan inciyib. Məsələ bu deyilmiş. Eşitdiklərim məni sözün əsl mənasında şoka saldı, çünki on iki yaşlı qız hamilə idi.
Qız anasının yanına qayıtdıqdan bir müddət sonra “atalığı”, yəni anasının yaşadığı şəxs qıza qarşı seksual hərəkətlər etməyə başlayıb. Əvvəlcə görməməzlikdən gəlmək istəsə də iş dərinə getməyə başlayıb. Qız da anasına demək məcburiyyətində qalsa da, anasından aldığı cavab onu bir  az da dəhşətə gətirib. Anası qızına görə nəyinki həmin şəxslə dalaşmaq, heç ona bir kəlmə söz demək istəməyib. Əvəzində qızına məşuqunun bütün istəklərini yerinə yetirməyi tapşırıb. Qız imkan tapan kimi, atasının yanına qayıdacağı bildirəndə isə, onu döyərək, bunu etsə ona baha başa gələcəyini deyib.
Qız səhəri günü anasının yanından qaçaraq, atasının yanına qayıtdı. Atası qızının gəlişinə sevinərək, onu qucaq dolusu qarşılamış, amma daha onu tərk etməməyini rica etmişdi. Bu sevinc çox heyif ki, uzun sürmədi. Qız başına gələnləri atasından qorxduğuna görəmi, ya utandığından heç kimə danışmayıb. Atasına isə yad kişi ilə bir dam altında qala bilmədiyini bildiribmiş. Atası da qızının sakit halından heçnə anlamadan, yaşamağa davam edirdi ki, tezliklə anası məhkəmə yolu ilə qızını atasından ayıraraq güclə öz evinə qaytardı.
Qızın cəhənnəmi bundan sonra başlayır. Hər gün həmin şəxsin ona qarşı təcavüzü, anasının görməməzlikdən gəlməsi, onu özünə qəsd etməyə məcbur edir. Lakin onu xilas edirlər. Anası buna səbəb kimi atasının yanına qayıtmağını göstərsə də, qızını keçmiş ərinə qaytarmayacağını bildirir. Dəlil kimi də yeniyetməlik çağında emosional fonun sabit olmaması və yeniyetmələrin çılğın və bu cür davranışa meyilli olduğunu göstərib.
Qız anasına bütün bunlardan bezdiyini deyəndə isə anası: “ Niyə gileylənirsən ki? O səni də sevir məni də. Bunda nə pis şey var ki. Həm sən, həm də mən onun kəbinli arvadı olacağıq. Narahat olma ikimizə də əla davranacaq. Vacibi sənin ona xoş münasibətindir. Bu cür axmaq hərəkətlərdən əl çək və onun istədiyini elə. Səndən istədiyimiz budur.”
Belə cavabdan şoka düşməyəsən, nə edəsən? Uzun sözün qısası həmin “kişi” günlərin bir günü axır ki, istədiyinə çatır. Eyş-işrət içində, kef görür. Lakin qızın hamilə olduğunu gördükdən sonra qızı döldən qurtulmaq üçün aborta aparırlar. Qız fürsət düşmüşkən oradan qaçmağa macal tapıb, evlərinə qayıdır. Ona elə gəlir ki, atası onu qəbul edəcək, bütün bu əzabdan qurtaracaq. Çox heyif ki bu belə olmur.
Həyatda nə qədər də alçaq, ana adına layiq olmayan qadınlar varmış. Məşuqu onu təkr etməsin deyə, öz qızını belə qurban verən bu qədər şərəfsiz, mənəviyyatsız, fahişə bədənli və ruhlu qadınlar var.
Mən heç o qadının məşuqundan danışmaq belə istəmirəm. Ona kişi adı yaraşmır. Qadının qızı olduğuna görə onunla yaxınlıq edib, qızını da həmin qadın kimi yatağa sürükləmək, ona təcüvüz etmək hansı mənliyə sığışan hərəkətdirsə, siz ona özünüz ad verməyə çalışın, ya da heç lazım deyil. O cür adamlar adsız qalmalıdırlar.
Atası qızının hamilə olduğunu öyrənən kimi qızı evdən qovur. Qız hara gedəcəyini bilmədiyindən, qonşuluqdakı kasıb ailədə məskunlaşır. Qıza nə qədər polisə şikayət etməyini məsləhət görsələr də o bunu etmir, çünki qadınlarımız nadir hallarda təcavüzdən və ya seksual xarakterli hərəkətlərdən sonra polisə və tibbi ekspertə müraciət edir. Cəmiyyətin onları başa düşməyəcəyindən, insanların onu günahkar biləcəyindən, təcavüz edənin məhz qadının onu bu hərəkətə sövq etdiyini düşündüyündən çox sayda təcavüzlər üstü örütülü, sirr olaraq qalır. Qadına təcavüzü heç bir səbəb haqq qazandıra bilməz. Təcavüz təcavüzdür və qadının nə yolla sövq etməsi, bu səbəbdən də kişinin ona təcavüz etməsi mövzu ola bilməz, ancaq olur. Qadın günahkar sayılır. Bu səbəbdən də bu qızcığaz səsini çıxartmadan təslim olur və yenidən anası deyilən o qadının yanına dönməyə məcbur qalır.
Döndükdən sonra bizim ondan daha xəbərimiz olmadı. O, bətnindəki körpəni dünyaya gətirdimi, yoxsa abort etdirmək məcburiyyətində qaldımı, bütün bunları daha bilmədik. Bacım bir-iki dəfə atası və bibisindən onun haqqında soruşmaq istəyəndə, onun bu adda qızı olmadığını bildirdikdən sonra axtarışın faydasız olduğunu bacım başa düşdü.
Arada düşünürəm ki, görəsən o qız haradadır? nə işlə məşğuldur? Həyat, daha doğrusu insanlar onun üçün hansı sürprizləri edir. İnsanlar həqiqətən də dəhşət dolu varlıqlardır.



Комментариев нет:

Отправить комментарий